Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi
Heydər Əliyev Mərkəzinin konfrans zalında Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş nitqi ilə açıq elan edən Xızı rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanova qeyd etdi ki, Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. O, bənzəri olmayan işıqlı bir şəxsiyyət idi. Çünki onun yanında atası Əziz Əliyev və ömür-gün yoldaşı, sadiq dostu, sonralar həyatında böyük rol oynamış, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyev kimi şəxsiyyətlər vardı. Zərifə xanımın elmə gəlməyi gözlənilən idi. Şübhəsiz ki, onun həkim-oftalmoloq peşəsini seçməsində elmə bağlı olan atanın və ailənin böyük təsiri olmuşdur.Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Zərifə xanımın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri о qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın geniş diapozonlu şəxsiyyət olduğunu hər an görmək olurdu. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq bir səhifəsini təşkil edir. Zərifə xanımın sadəliyi təkrarolunmaz idi: akademik, əməkdar elm xadimi, professor, müxtəlif mükafatlar laureatı olmağına, işinin çoxluğuna baxmayaraq hamının köməyinə gəlir, heç kəsdən yardımını əsirgəməzdi. Bir təşkilatçı kimi rəhbərlik etdiyi kollektivin gücünü lazımi istiqamətə yönəldirdi. İşinə olan münasibəti, qəlbən təmizliyi hər kəs üçün nümunə idi. Zərifə xanım çox istedadlı insan idi ve о bütün işlərində bu istedadı büruzə verə bilirdi. İndi ulu öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, mənəvi saflığı, fədakarlığı ölkəyə rəhbərliyin daşlı-kəsəkli yollarında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın I vitse- Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir. Görkəmli alimin, xeyirxah insanın, qayğıkeş ananın adı qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Daha sonra digər çıxışçılar da Zərifə xanım Əliyevanın həyat və fəaliiyətindən danışmışlar. Tədbirin sonunda Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.