Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Şuşanın işğalı ilə bağlı tədbir keçirilmişdir

08 may 2019 | 16:00

     Xızı rayonunun Heydər Əliyev Mərkəzinin konfrans zalında Şuşanın işğalı ilə bağlı tədbir keçirilmişdir. İlk olaraq işğal qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanova çıxış edərək bildirib ki,  Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 27 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Şuşa Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyidir, Şuşa tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçasıdır, böyük alimlərin, bəstəkarların, şairlərin vətənidir, Qarabağın mənəvi paytaxtıdır. Təbii gözəllikləri ilə seçilən Şuşa  Azərbaycanın nadir mədəniyyət mərkəzlərindən biri, milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Hələ 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul olunmuşdur. 1992-ci il mayın 8-də Şuşa şəhərinin təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər əsir düşmüş və girov götürülmüşdür. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etmiş, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtmış, məbədgah və məscidləri təhqirlərə məruz qoymuş, çox sayda nadir əlyazma nümunələrini məhv etmiş, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərmişlər. Ümummilli lider Heydər Əliyev Şuşanın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”. Xalqımız əmindir ki, Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı Şuşa nəyin bahasına olursa-olsun düşmən tapdağından azad ediləcək.  

 Tədbir Şuşa haqqında çıxışlarla davam etmişdir. Sonda isə konfrans iştirakçılarına Şuşa ilə bağlı sənədli film nümayiş etdirilmişdir.

Keçidlər