Şriftin ölçüsü :

Saytın rəngi :

"12 dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü"nə həsr edilmiş tədbir keçirilib.

11 dekabr 2024 | 19:20

Xızı Rayon İcra Hakimiyyəti, YAP Xızı rayon təşkilatı, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 11 dekabr 2024-cü il tarixində Xızı rayon Heydər Əliyev Mərkəzində "12 dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü"nə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları Dahi Şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. 

Tədbiri giriş sözü ilə açan Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov Ulu Öndər Heydər Əliyevin xilaskarlıq, quruculuq, öndərlik missiyasından, dövlət gənclər və idman siyasətindən, gənc nəslə diqqət və qayğısından danışıb.

Sonra çıxış edən Xızı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Vüqar Əliyev Ulu Öndər Heydər Əliyevin 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının dövlət kimi möhkəmlənməsində xidmətləri barədə danışdı. Vurğuladı ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə prezident seçildikdən sonra Azərbaycanda siyasi sabitlik bərpa olunub, mühüm dövlət təsisatları yaradılıb, əhəmiyyətli siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilib. Qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər məhz Ulu Öndərin müdrik siyasi kursunun məntiqi davamıdır.

Digər çıxış edənlər qeyd etdilər ki, Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur, milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır.

Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş "İz" filmi nümayiş olunub.

 

 




 

Keçidlər