Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan kapitan Qurbanov Saleh Möhübbət oğlu bu gün torpağa tapşırılıb.
13 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Xızı rayonu Giləzi qəsəbə sakini 1990-cı il təvəllüdlü kapitan Qurbanov Saleh Möhübbət oğlunun nəşi ailəsinə təhvil verilib. Şəhid Saleh Qurbanov bu gün böyüyüb boya-başa çatdığı Xızı rayonu Giləzi qəsəbəsində torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Dəfn mərasimində Xızı Rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP Xızı rayon Təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin, hüquq mühafizə orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin zabitləri, rayonun digər idarə, müəssisə, təşkilatlarının əmakdaşları ilə yanaşı ictimaiyyət nümayəndələri, rayon ağsaqqalları, fəal gənclər iştirak ediblər.
Mərasimdə cıxış edən Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlıqlarından danışmış, hər bir şəhidimizin bizim üçün doğma, müqəddəs olduğunu, dövlətimizin hər zaman şəhid ailələrinin yanında olmasını qeyd etmişdir.
Sonda şəhidin atası Möhübbət Qurbanova Azərbaycan bayrağı təqdim olunmuşdur.