Xızı rayonu Heydər Əliyev Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən maarifləndirici tədbir keçirilmişdir
Məlumdur ki, 2020-ci ilin 1 yanvar tarixindən başlayaraq ölkəmizdə “İcbari tibbi sığorta” haqqında Azərbaycan Respublikasının Qanunun tətbiqinə başlanacaq. Bu münasibətlə əhalinin maarifləndirilməsi tədbirləri davam edir. Dekabrın 10-da Xızı rayon Heydər Əliyev Mərkəzində “İcbari tibbi sığorta” haqqında Azərbaycan Respublikası Qanunun tətbiqi ilə əlaqədar növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Süleymanova açmışdır. İcbari tibbi sığortanın böyük sosial əhəmiyyəti daşıdığını vurğulayan Jalə Süleymanova bildirmişdir ki, 2020-ci ilin yanvarın 1-dən bu mühüm sosial layihənin həyata keçirilməsinə başlanacaqdır. Birinci növbədə icbari tibbi sığortanın tətbiqinə başlanacaq 20 rayondan biri də Xızıdır. Xızı Rayon Mərkəzi Xəstəxanası baş həkimi Bəhdaş Nəbiyev icbari tibbi sığortaya keçidlə əlaqədar rayonun səhiyyə müəssisələrində görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Elvin Abbasov icbari tibbi sığortaya keçidin sosial əhəmiyyətindən danışmış, “İcbari tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununda Milli Məclis tərəfindən edilən dəyişikliklərin mahiyyətini açıqlamışdır. Elvin Abbasov icbari tibbi sığorta haqqlarının miqdarı barədə tədbir iştirakçılarını məlumatlandırmış, sığortalıların hansı xidmətlərdən istifadə edə biləcəklərini izah etmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Quba filialının direktoru İsa Məmmədov icbari tibbi sığortaya keçidlə əlaqədar çıxış edərək bir daha vətəndaşların üzərinə düşən vəzifələri xatırlatmışdır. Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.