Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb.
Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb. Nakam şairin ölümünün 82 illiyinə həsr olunan mərasim rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib. Ölməz şairin büstü ətrafına toplaşan ictimaiyyət nümayəndələri, müşfiqsevərlər, şairlər, yazıçılar, elm və incəsənət xadimləri Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar. Çıxış edən natiqlər Mikayıl Müşfiqin milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaratdığını bildiriblər. Bu nümunələr Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib. Tədbirdə məktəblilər nakam şairin şeirlərindən ibarət parçalar, tar ifasında kompozisiya səsləndiriblər.