Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda Korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir

13 may 2020 | 16:00

Dövlətimizin başçısı iqtisadi və sosial bölmələrdə neqativ hallara qarşı barışmaz mövqeyini nümayiş etdirməklə azad biznesin və şəffaflığın ən böyük təminatçısı olduğunu təsdiqləyib. Dövlət başçısı tərəfindən azad sahibkarlığa, özəl sektora ən böyük siyasi dəstək verilib və bu tendensiya rüşvətxorluğa qarşı ən sərt mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır. Qeyd olunan neqativ halların qarşısının alınmasında birbaşa dövlət başçısı öz güclü dəstəyini nümayiş etdirməklə bütün aidiyyəti orqanları mübarizə tədbirlərinə səfərbər olmağa çağırır. Bu, eyni zamanda,  ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir.

Dövlətimiz korrupsiyaya qarşı mübarizə sahəsində sistemli tədbirlər görməklə mühüm irəliləyişlərə nail olub. Şəffaflığın qorunmasına nəzarətin gücləndirilməsi, qanunu pozanlara qarşı cəza sisteminin tətbiqi neqativ halların və eyni zamanda, bu sahədə şikayətlərin azalmasına səbəb olur. Göründüyü kimi, korrupsiya və rüşvətxorluqla mübarizənin nəticələri var. Son zamanlarda müşahidə etdiyimiz hadisələr, əsasən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ağstafa, Yevlax, Biləsuvar, İmişli və Neftçala rayonlarında, Mədəniyyət Nazirliyində keçirilən əməliyyatlar cəmiyyətdə mövcud narazılıqların aradan qaldırılması istiqamətində atılan addımlardan biridir. Çirkin əməllər törədən bəzi məmurların cinayət məsuliyyətinə cəlb olunması belə özbaşınalıqlardan əziyyət çəkmiş insanlara ədalətin bərqərar olmasına dair ümid verməklə yanaşı, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılmasını bir daha nümayiş etdirir. Prezident öz çıxışlarında hər zaman çağırışlar edir, məmurları düzgün, ədalətli olmağa çağırır. Təbii ki, bu çağırışlara riayət edən məmurlarla yanaşı, biz bu gün fərqli mövqe sərgiləyən məmurların da olduğunu görürük. Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu bu  vəzifəyə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq şəkildə bildirmişdir. Azərbaycan dövləti vətəndaşlarının  həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir. Bu gün koronavirusla mübarizə aparıldığı bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm də böyük vicdansızlıqdır. Belə bir vəziyyətdə imkansız vətəndaşların ərzaq paylarını, maaşlarını mənimsəyənlər ən ciddi cəzaya layiqdirlər. Atılan məqsədyönlü addımlar bir daha göstərdi ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İctimaiyyət anladı ki, vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq qanun qarşısında hamı eynidir və hər bir şəxs qanunlara tabe olmalıdır.

Keçidlər