Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan könüllüləri daima dövlətimizin yanındadırlar

18 may 2020 | 16:00

Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  koronavirus xəstələrinin müalicəsində könüllülərin əməyini daim yüksək dəyərləndirirlər.  Ölkəmizdə illərlə könüllülük hərəkatının daha da genişləndirilməsi, müxtəlif  sahələri əhatə etməsi istiqamətində atılan addımlar bu gün öz bəhrəsini verir. Bugünümüzün reallıqlarından bir daha  aydın olur ki,  könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Bu hərəkatın əsas aparıcı qüvvələri olan gənclərimiz  fəallıqlarını daha da artırır, üzərilərinə düşən vəzifələri yerinə yetirmək üçün daha ciddi səylə çalışırlar.
Prezident İlham Əliyevin və Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban  Əliyevanın çağırışlarına cavab olaraq, ölkəmizdə  fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi öz fəaliyyətini  uğurla davam etdirməkdədir.  Belə ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü Gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat,  hərəkatların iştirak etdikləri Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının   Gənclər Fondu tərəfindən həyata keçirilir. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin rəhbərliyi əsasında   keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qana olan tələbatın ödənilməsinə dəstəklərini  verirlər.
Göründüyü kimi, könüllülərin fəaliyyət sferası genişlənir. Belə ki,  Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi bugünümüz üçün vacib amillərdən olan maarifləndirmə işinə də öz  töhfəsini verir. Pandemiyadan uğurlu çıxmaq, insanların sağlamlığını təmin etmək üçün insanlar arasında   maarifləndirmə işinin həyata keçirilməsinə böyük ehtiyac vardır. Evdə qalaq, böyüklərimizi qoruyaq, ətrafımızdakılara dəstək olaq.  Birliyimizi, həmrəyliyimizi möhkəmləndirməklə yanaşı, sosial məsuliyyət hissini də artıraq, intizam qaydalarına riayət edək.

Keçidlər