Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Azərbaycan tarixində ən silinməz izlər buraxmış möhtəşəm tarixi günlərdən biri də 15 - İyun Milli Qurtuluş Günüdür. Azərbaycan 1991- ci ildə müstəqillik əldə etdikdən sonra hakimiyyət uğrunda başlanan mübarizə, ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedir, orduda vəziyyət ağırlaşır, sosial problemlər ölkəmizi uçuruma aparırdı. Erməni təcavüzü isə günbəgün daha da genişlənirdi. Kövrək olan müstəqillik itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı.
O zamanki respublika rəhbərliyi vəziyyətə nəzarəti həyata keçirə bilmir, şəxsi mənfəətlərini ön plana ataraq ölkəni faktiki fəlakətlə üz-üzə qoymuşdular.
Vətənin bu ağır günlərində xalq Azərbaycanın görkəmli oğlu, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Xalq əmin idi ki, ölkəni düşdüyü ağır vəziyyətdən çıxara biləcək yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.
Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, Bakıya gəldi. Dərin fitri istedada, böyük siyasi təcrübəyə malik Heydər Əliyev qısa müddət ərzində ölkədə baş qaldıran xaos, vətəndaş müharibəsi və daxildə yetişən separat meyllərin qarşısını alaraq xalqın qurtuluşunu gerçəkləşdirdi.
Xalq öz xilaskarına böyük etimad göstərdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin ictimai - siyasi, sosial, iqtisadi, elmi - mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu mərhələsi başlandı. Məhz bu mərhələdən sonra xalqımız dinc və əmin-aman yaşam tərzi sürməyə başladı. Bunun kökündə Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik fəlsəfəsi dayanırdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası və məfkurəsi təkcə azərbaycanlıları deyil, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.
Ulu Öndər hüquqi-normativ bazanın yaradılması məsələsini strateji məsələ hesab edərək bu istiqamətdə zəruri tədbirlər həyata keçirdi. Beləliklə, xalqımızın Əbədiyaşar lideri Heydər Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gedərək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi.
Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində də səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz tezliklə mötəbər beynəlxalq təşkilatlara üzv qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə köklü islahatlara başlandı.
Ulu öndər Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqli xüsusilə vurğulanmalıdır. Bu məqsədlə müəyyənləşdirilən ən uğurlu marşrut Bakı, Tbilisi və Ceyhanı birləşdirən boru kəmərinin çəkilməsi idi. Həmin dövrdə müxtəlif güc mərkəzlərinin təxribatlarına və təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi - Ceyhanın boru kəmərinin çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Ən əsası isə Ulu öndərin qəti əzmkarlığı sayəsində bəzilərinin əfsanə hesab etdiyi layihə reallığa çevrildi.
Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün standartlarına, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi və siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi müasir Azərbaycan dövlətinin gücünü artıran fundamental amil kimi xüsusi qeyd edilməlidir.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin və çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının tarixində daim yaşayacaqdır.