Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər görülür
iyulun 20-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bu, özü-özlüyündə ölkə rəhbərliyinin qayğıkeş siyasətinin nəticəsidir və birmənalı şəkildə onun bariz sübutudur.Ölkəmizdə bu məsələlərlə bağlı mütəmadi şəkildə addımlar atılır. Belə ki, bütün rayonlara və şəhərlərə maddi köməkliklər edilir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində vaxtilə müəyyən fors-major vəziyyətə düşən bəzi regionlarda yüksək səviyyəli infrastruktur layihələri icra edilib, yeni evlər tikilib. Təbii ki, Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər də yüksək səviyyədə icra ediləcək.
Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2016-cı ildə “Aprel döyüşləri” zamanı zərər dəymiş yaşayış məntəqələrində də böyük quruculuq və abadlıq işləri həyata keçirilmişdi. Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin mayında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayrılmış 3 milyon manat vəsait hesabına ümumilikdə, rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib və 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb. Azərbaycan bundan sonra da bütün səylərini torpaqlarının erməni işğalından azad olunmasına və vətəndaşlarının təhlükəsizliyinin təmininə yönəldəcək.
Prezident və Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində də konkret addımlar atılır.Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının problemlərinə xüsusi həssaslıqla yanaşır, onların təhlükəsizliyinin təmin olunması və rifahının yüksəldilməsini özünün ali vəzifəsi hesab edir.