Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir
Azərbaycan-Ermənistan sərhəd xəttinin Tovuz rayonundan keçən hissəsində Ermənistanın işğalçı ordusunun törətdiyi təxribata artıq layiqincə cavab verilib. Düşmən tərəf bütün istiqamətlərdə şanlı ordumuzun, silahlı qüvvələrimizin müqaviməti sayəsində böyük sayda itki verərək geri çəkilməyə məcbur edilmişdir. Azərbaycan ordusunun yüksək səviyyədə komplektləşdirilməsi, komanda-idarəetmə mərkəzinin olması bütün istiqamətlərdən düşmən cəhdlərinin qarşısı qətiyyətlə almışdır.
Bütün dünya ictimaiyyətinə, eyni zamanda da yalançı demokratiya instutlarına, onların ölkəmizin daxilində və xaricində fəaliyyət göstərən əlaltılarına bir daha məlum oldu ki, Azərbaycan xalqı, hakimiyyəti, şanlı ordusu və dünya azərbaycanlıları vahid bir məfhumdur. Onu heç bir düşmən qüvvə ayıra, bölə və parçalaya bilməz.
Ermənistan xüsusi ilə 2016-cı ildən bu günə qədər bir çox sferada ciddi zərbələr almaqdadır. Aprel döyüşləri, daha sonra Günnüt əməliyyatı və bu günlərdə Tovuzda cənab Prezidentin ifadəsi ilə desək, ermənilərin başlarına çox ağır zərbələr endirdik. Biz sadə ermənilərə sübut edə bildik ki, ordularının yenilməzliyi ilə bağlı hakimiyyətin onlara danışdığı əfsanələr və miflər əslində elə ermənilərin tarixi qədər saxtadır.
Ermənistan hakimiyyəti həm cəbhədə atəşkəs rejimini pozaraq təxribat yaradacaq qədər riyakar, həm də dünya ictimaiyyətinə bu döyüşlərin dayandırılması üçün “ağız açacaq və yalvaracaq” qədər qorxaqdırlar.
Döyüş əməliyyatlarının başladığı ilk günlərdə xalqımızın paytaxt küçələrində ordumuza və Ali Baş Komandana olan dəstəyini yürüş vasitəsi ilə nümayiş etdirməsindən və bu günlərdə dünyanın müxtəlif ölkələrində olan həmvətənlərimiz tərəfindən keçirilən aksiyalardan məlum olur ki, Azərbaycan xalqı öz legitim hakimiyyətini dəstəkləyir və Qarabağ Azərbaycan üçün adi siyasi predmet, siyasi avantüra vasitəsi deyil. Qarabağ mənliyimiz, birliyimiz və hissiyyatımızdır.
Son şəhid ailələri ilə görüşdə cənab Prezident açıq ifadə etdi ki, bizim heç vaxt bu qədər çox beynəlxalq dəstəyimiz olmamışdır. Tovuz istiqamətində başlayan hərbi əməliyyat zamanı dünyanın bir çox ölkələri başda Azərbaycanın dostu və qardaşı olan, Ulu Öndər Heydər Əliyevin öz ifadəsi ilə desək bir millət, iki dövlət olan Türkiyə Cümhuriyyəti olmaqla bütün dost və müttəfiqlərimiz ölkəmizin haqlı mövqeyini dəstəklədilər. Bu da Azərbaycan diplomatiyasının uğurudur.
Azərbaycan heç vaxt öz ərazisində ikinci bir erməni dövlətinin yaradılması ilə razılaşmayacaq və öz ərazilərinin işğalçılar tərəfindən işğal faktı ilə barışmayacaqdır. Bu istiqamətdə görülən və tərəqqisi göz qabağında olan başqa bir məqam dünyada mövcud olan azərbaycanlıların eyni bir mərkəzdə, milli maraqlar naminə birləşməsi və idarə olunması məsələsidir.
Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.