18 iyun ölkəmizdə İnsan Hüquqları Günüdür.
18 may - 18 iyun "İnsan Hüquqları Aylığı" çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın 5.3.9-cu bəndinin, Xızı RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 2025-ci il üçün İş Planının 10-cu bəndinin icrası ilə bağlı Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Xızı rayon Polis şöbəsi və Abşeron - Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 03 iyun 2025-ci il tarixində Xızı rayonu Yeni Yaşma kənd tam orta məktəbində tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında onların maarifləndirilməsi istiqamətində "Sağlam gənclik naminə" adlı görüş keçirilib.
Tədbirdə çıxış edən Xızı RİH-in əməkdaşı F.Əliyev məruzəsində bildirmişdir ki, 18 iyun 1998-ci il tarixində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuş və bununla da insan hüquqlarının təmin olunması dövlətimizin siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu humanist təşəbbüsün davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilmişdir.
Görüşdə iştirak edən digər natiqlər də insan hüquq və azadlıqlarının təmin olunması barədə geniş məruzələrlə çıxış etmişdir. Məqsəd uşaq və yeniyetmələri sağlam həyat tərzinə təşviq etmək, narkomaniya, tütün, alkoqol və digər psixatrop maddələrin mənfi təsiri, onlara qarşı hər cür zorakılığın yolverilməzliyi, həmçinin erkən nikah haqqında məlumatlandırmaqdır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, uşaqları maraqlandıran suallar cavablandırılıb və mövzu haqqında qısa videoçarx nümayiş etdirilib.






