Şriftin ölçüsü :

Saytın rəngi :

“18 oktyabr – Müstəqilliyin Bərpası Günü” adlı tədbir keçirilib.

16 oktyabr 2025 | 15:16

Müstəqillik – öz taleyinə sahib olmaq, öz dövlətini yaratmaq və inkişaf etdirmək hər bir xalq üçün ən böyük nailiyyətdir. Qədim tarixə və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan bütün dünyada köklü dəyişikliklərə səbəb olmuş siyasi proseslərlə əlamətdar olan bir dövrə - XX yüzilliyin son onilliyinə müstəqil bir dövlət kimi daxil olmuşdur. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik, dövlətçilik arzularını söndürə bilməmiş, şərait, imkan yetişən kimi xalqımız müstəqillik ideallarını gerçəyə çevirmiş, əsrlərdən bəri bəslədiyi ümidlərinə, arzularına çatmış, öz müstəqilliyinə nail olmuşdur. Azadlıq və müstəqillik uğrunda xalqımızın inadla apardığı prinsipial mübarizənin məntiqi nəticəsi olaraq nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əsrin əvvəllərində itirilmiş müstəqilliyimiz bərpa olundu. Bu tarix hazırda bütün ölkə ərazisində “Müstəqilliyin bərpası Günü” kimi qeyd edilir.

Bu münasibətlə, 17 oktyabr 2025-ci il tarixində Xızı Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin birgə təşkilatçılığı, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və rayon ictimaiyyətinin iştirakı ilə Xızı Rayon Heydər Əliyev Mərkəzində “18 oktyabr – Müstəqilliyin Bərpası Günü” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk öncə, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - Dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70 - 80-ci illəri həm iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi, həm də elmin, təhsilin, misilsiz tərəqqisi illəri kimi  yaddaşlarda qalıb. O, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin əldə olunması və inkişaf etdirilməsi yolunda sarsılmaz fəaliyyətindən, onun müdrik siyasəti və dönməz əqidəsindən  bəhs edib. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib.

Tədbirdə bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri, zəngin tarixə malik olan xalqımızın tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizəsi, müstəqilliyimizin bərpası, Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən geniş çıxışlar dinlənilib.

Sonda azadlıq və müstəqillik uğrunda xalqımızın inadkar mübarizəsi və müstəqilliyimizin bərpasının tarixindən bəhs edən geniş video-slayd nümayiş etdirilib.

Keçidlər