Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqalar axtaran bütün tərəflərin suallarına tutarlı cavabdır. Azərbaycan Prezidentinin bütün həqiqətləri söyləməsi rəsmi Bakının şəffaf və xalqdan heç bir gizli siyasət aparmadığını bir daha sübut etdi.
Azərbaycan dünya birliyi tərəfindən rəğbətlə qəbul olunan və xarici siyasətinin prioritet istiqamətlərini dəqiqliklə və incəliklə müəyyən edən nüfuzlu dövlətdir. İşğalçı Ermənistan isə bu siyasətə tamamilə əks siyasət yürütməklə dünya birliyi tərəfindən qeyri-ciddi dövlət kimi qəbul olunur. Belə olan təqdirdə Azərbaycan bu cür dövlətlə imitasiya naminə danışıqlarda iştirak etməyəcək. Ermənistanın hazırkı rəhbəri danışıqlar prosesini pozub. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları, əsassız iddiaları danışıqlar prosesini tamamilə mənasız edir. Hətta Ermənistanın özündə də rasional düşüncəli insanlar etiraf edirlər ki, Ermənistanın mövcud rəhbərliyi bu ölkəni uçuruma aparır. Ermənistan baş nazirinin səsləndirdiyi absurd fikirlər danışıqlar prosesinə ciddi zərbə endirdi. Nikol Paşinyan “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini mənasız etdi.
O zaman sual olunur, Ermənistanın ardıcıl təxribatlarının əsas səbəbləri nələrdir? Heç şübhəsiz, ilk növbədə, danışıqları pozmaq, bunda Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaq. İkincisi, çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sarsılmış Paşinyan hakimiyyətinin iyulda hər hansı bir qələbə qazanmaq və revanş əldə etmək niyyəti. Nəhayət, yeni böyük müharibəyə hazırlaşan Ermənistan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqlərinin nəbzini ölçməsi və onların reaksiyasını yoxlaması.
Bütün bu amilləri açıq-aşkar görən Azərbaycan kimi nüfuzlu bir dövlət Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində deyil. Azərbaycan heç bir zaman danışıqlar formatının dəyişməsinə razı olmayacaq və Azərbaycanın oyuncaq kriminal xunta rejimi ilə heç bir təmasları ola bilməz.
Bu gün bütün beynəlxalq aləmə bəllidir ki, Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılması beynəlxalq konvensiyalara zidd olmaqla kifayətlənmir, eyni zamanda, bu, bir cinayətdir. Ən önəmlisi isə küçədən hakimiyyətə gələn, heç bir siyasi savada və etikaya malik olmayan Ermənistanın baş nazirinin şərt dilində danışmağa heç bir haqqı yoxdur. Azərbaycan bu cəfəng şərtləri tamamilə rədd edir. Azərbaycanın bir şərti var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar.Başqa cür ola da bilməz.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə hiyləgər siyasətinə qoşulmaq niyyətində deyil. Sirr deyil ki, Ermənistanın rəhbərliyi müxtəlif manipulyasiyalar, cəfəng bəyanatlarla danışıqlar prosesini pozub. Və bu gün də hərbi-siyasi xarakterli təxribatlarını davam etdirir. Aciz və çıxılmaz vəziyyətdə olan Paşinyan hakimiyyəti gah danışıqların formatının dəyişdirilməsi ilə əlaqədar absurd iddialar səsləndirir, gah işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşdırmaya start verir, beləliklə də, dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüquq normalarını pozmağa davam edir.
Əgər Ermənistan öz çirkin planlarından, məkrli siyasətindən əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq