Humanitar atəşkəs müvəqqəti xarakter daşıyır.
Azərbaycan və Ermənistan Xarici Işlər nazirləri arasında Sergey Lavrovun iştirakı ilə Moskvada keçirilən görüşü bəlkə son 30 ilin ən gərgin, ən mürəkkəb görüşü hesab etmək olar. Danışıqların 11 saat davam etməsi də bunu sübuta yetirir. Bu, həm də o deməkdir ki, Azərbaycan masa arxasında da savaşıb, döyüş meydanındakı əzmini danışıqlarda da nümayiş etdirib.
Azərbaycan Ermənistanın hərbi təxribatları qarşılığında əks-hücuma başlayanda da, işğalçı ordunu darmadağın edəndə də danışıqları istisna etməmişdi və bunun üçün öz şərtlərini irəli sürmüşdü. Bu şərtlər isə beynəlxalq hüquqa, Azərbaycanın işğal altında olan ərazilərinin tamamilə və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə söykəndiyi üçün hətta ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də hansısa reaksiya ilə qarşılanmamışdı. Qardaş Türkiyə rəsmiləri də prosesin inkişaf perspektivini nəzərə alaraq, “Masada da, meydanda da Azərbaycanın yanındayıq” bəyanatını vermişdilər.
Azərbaycan da indi bu prosesi paralel şəkildə aparır. Döyüş meydanında qazandığı üstünlüyü masaya daşıyır və masada əldə edəcəklərini, yaxud işğalçıya real təzyiq göstərilməyəcəyi təqdirdə, etməyəcəklərini döyüş meydanına daşıyacaq.
Yəni, humanitar atəşkəs, sadəcə, birinci mərhələdir. Hərbi əməliyyatların gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmasıdır. Bu proseslərin paralel şəkildə aparılması ona görə vacibdir ki, əldə edilmiş nailiyyətlərin daha da gücləndirilməsinə zəmin yaransın.
Ermənistan tərəfinin daxili ictimai rəyə hesablanmış fantastik təbliğat və təşviqat metodlarının, üfürülən yalanların miqyasının nəhayətsizliyinə rəğmən, artıq danışıqların gedişində də şərtləri Azərbaycan müəyyən edir və qarşı tərəfin hər hansı bir iddiasının, şərtinin qəbul edilməyəcəyi ilə bağlı mövqeyini imperativ şəkildə nümayiş etdirir.
Nəzərə almaq lazımdır ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə atılan bütün addımlar, həyata keçirilən və keçiriləcək bütün əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində gerçəkləşdirilir. Azərbaycan Prezidenti bu təzyiqlərə mətanətlə sinə gərir, çevik, ardıcıl və zamanında atılan diplomatik addımlarla ölkəmizə olan təzyiqləri neytrallaşdırır, işğalçı Ermənistanın və havadarlarının dövlətimizə qarşı vahid diplomatik cəbhə formalaşdırmaq cəhdlərinin qarşısını alır. Bu, olduqca çətin, mürəkkəb və ziddiyyətli bir prosesdir. Hadisələrin gedişatında hər an yeni reallıqların ortaya çıxması, ilk baxışda həlli asan görünən problemlərin mürəkkəb xarakter alması mümkündür və bu ehtimal heç vaxt istisna olunmayıb. Belə olduğu təqdirdə, diplomatik müstəvidə buraxılan istənilən səhv hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Həmçinin humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada yox deməsi Ermənistanın mövqelərinin gücləndirilməsinə zəmin yarada və ölkəmiz tərəfindən Beynəlxalq Humanitar Hüququn prinsiplərinin, o cümlədən Haaqa və Cenevrə konvensiyalarının və bu konvensiyalara BMT Baş Assambleyasının Əlavə protokollarının pozulması kimi təqdim edilə bilərdi ki, bu da indiki şəraitdə ölkəmizin maraqlarına qətiyyən uyğun deyil.
Unutmaq lazım deyil ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır və hərbi əməliyyatların keçirildiyi ərazilərdə humanitar məqsədlə hərəkətlərin yerinə yetirilməsinə xidmət edir.Azərbaycanın irəli sürdüyü şərtlər və bu şərtlərlə bağlı Prezident İlham Əliyevin prinsipial mövqeyi ortalıqdadır. Danışıqlar mahiyyəti üzrə, heç bir manipulyasiyaya, status-kvonun bərpasına xidmət edən bəhanələrə yol verilmədən aparılmalı, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalı və həyata keçirilməlidir.
Vaxtilə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin isə çox böyük geosiyasi əhəmiyyəti var. Bu Azərbaycanın öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəyinin, tarixi və hüquqi ərazisində suveren hüquqlarından kənar hər hansı bir subyektin formalaşmasına imkan verməyəcəyinin sübutudur.
Ordumuz 12 gün ərzində Ermənistanın hərbi birləşmələrini darmadağın edib, düşmənin hərbi potensialına onun indiki iqtisadi imkanları ilə on illərlə bərpa edə bilməyəcəyi qədər ziyan dəyib. Biz bu savaşda öz xoşu ilə Azərbaycan torpaqlarından bir qarış belə geri çəkilmək istəməyən hikkəli, təkəbbürlü, özünü məğlubedilməz hesab edən Ermənistan cəmiyyətinin, dünya ermənilərinin müqavimət, dirəniş damarını qırmışıq, ona real gücün nə olduğunu başa salmışıq. Onların sosial şəbəkələrdə qopardıqları “fırtına”ya baxmayın, elə sınıblar ki, bir daha çətin özlərinə gəlsinlər.
İndi azad etdiyimiz ərazilərdə, Ermənistan ordusunun hər hərəkətini nəzarətdə saxlamağa imkan verən yüksəkliklərdə mövqeyilərimizi möhkəmləndiririk. Heç kim bir neçə saat, yaxud bir neçə gün sonra Ermənistanda nələrin baş verəcəyini bilmir. Bundan sonra cərəyan edən bütün proseslər xeyrimizə işləyəcək, döyüşdəki uğurlarımız diplomatik müstəvidəki üstünlüklərimizlə davam edəcək.
Unutmaq lazım deyil ki, müharibə ilə diplomatiyanın ritorikası eyni deyil. Diplomatiyanın dili daha lakonikdir və bütün məqamlar elan olunmayan detallarda gizlənir. Məhz bu baxımdan da səbirli olmaq, dövlətimizə, Ordumuza olan sonsuz güvənimizi qoruyub saxlamaq, informasiya savaşından, əsəb müharibəsindən də döyüş meydanında olduğu kimi, qalib çıxmaq üçün maksimum səy göstərmək lazımdır. Ali Baş Komandan Azərbaycan ərazilərinin bir qarışının belə düşmənə güzəştə gedilməsini qəbul etməyəcək qədər qətiyyətli, prinsipial və cəsarətlidir! Prezidentin, Ordunun gücü xalqın gücüdür! Gücümüzə güc qataq!