“20 Yanvar – Azadlıq Yolunda Qanla Yazılan Tarix” adlı tədbir keçirilib.
19 yanvar 2026-cı il tarixində Xızı Rayon İcra Hakimiyyətinin, YAP Xızı rayon Təşkilatının, Qərbi Azərbaycan İcmasının Xızı rayon nümayəndəliyinin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı nümayəndəliyinin və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Xızı Rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar – Azadlıq Yolunda Qanla Yazılan Tarix” adlı tədbir təşkil olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk öncə, 20 Yanvar şəhidlərinin, eləcə də, Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi- təşkilat məsələləri sektorunun müdiri Abdulla Hüseynov Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 36 il ötdüyünü qeyd edərək bildirdi ki, həmin gün Azərbaycan xalqı azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qırıla bilinməyəcəyini, xalqımızın yenilməz, məğrur olduğunu bir daha dünyaya göstərdi. 44 günlük Vətən müharibəsi şəhidlərinin, eləcə də azadlıq yolunda canlarını qurban verən 20 Yanvar şəhidlərinin qisaslarının alındığını, ruhlarının rahatlıq tapdığını bildirən A.Hüseynov əldə etdiyimiz Şanlı Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, canlarından keçərək qanları ilə dastan yazan şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdar və borclu olduğumuzu da diqqətə çatdırdı. Həmçinin qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.
Tədbirdə 1990-cı ildə yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri tərəfindən Bakı şəhərində müstəqil dövlət yaratmaq arzusu ilə dinc əhaliyə qarşı törədilmiş misli görünməmiş qətliamın, bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş bu dəhşətli terrorun təfərrüatları və ağır nəticələrindən, bugünkü və gələcək nəsillər üçün örnək olan şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edən çıxışlar dinlənilib.
Sonda 20 yanvar faciəsini özündə əks etdirən film nümayiş etdirilib.






