Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib
Ermənistan hərbi cinayət törədir
- Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bu birinci Qarabağ savaşında da müşahidə edilib. Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz;
- Mülki şəxslər arasında insan itkisi davam edir, Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsi;
Ermənistan məğlub olduğunu görüb atəşkəs istədi
- Ermənistan görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər. Bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, Azərbaycan da bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər;
- Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu, onların taktikasıdır;
Ermənistan ordusu müharibədə qısa zamanda əridi, yox oldu
- Ermənistan itkiləri hər gün dəyişən bir statistikadır. 200-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi,iki S-300 sistemi məhv edilib;
- Təqribən 170 karqo maşını ya məhv edilib yaxud ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir;
Ermənistan muzdlu döyüşçülər gətirir
- Hərbi əməliyyatlar başlamadan əvvəl məlumat var idi ki, PKK-çılar orada düşərgə qurub. Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi;
Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır
- Azərbaycan öz torpağında özünü müdafiə edir və işğalçıları qovur. Bizim Ermənistan torpağında hərbi məqsədlərimiz yoxdur. Ancaq, eyni zamanda, Ermənistan ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəklərsə, - necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan vurdular, - bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin;
Ermənistan Azərbaycanın təbii sərvətlərini talan edirdi
-Kəlbəcərin qızıl yataqlarını onlar qanunsuz olaraq oranı istismar edirlər. Oradan çıxarılan qızılları Ermənistan aparır xaricə satır və pul qazanır. Orada çıxan təbii qaynaqları, torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırdılar. Ona görə burada bir çox hədəflər var. Əsas məqsədləri bu torpaqları əbədi Ermənistanın tapdağı altında saxlamaq idi. Onlar buna da nail ola bilmədilər;
Paşinyan Sorosun adamıdır və Rusiyaya qarşıdır
Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan, əslində, hər zaman anti-Rusiya mövqeyində olub. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı;
Status-kvo artıq yoxdur, Azərbaycan status-kvonu dəyişdi
-Status-kvo torpaqların işğal altında saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri bununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlama vermişdirlər ki, status-kvo qəbuledilməzdir;
Azərbaycanın haqlı və ədalətli mübarizəsi dəstəklənir
- Türkiyə və Pakistan ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Bu Azərbaycanı daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdən söhbət gedə bilməz;
Həmsədr ölkələr tərəfsizliklərini qorumalıdır
- Fransa həmsədr kimi bitərəf olmalıdır. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Bu günə kimi Fransanın addımları və yanaşması müsbətdir;
- Rusiya Prezident ofisindən verilən açıqlama tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır. Bunun razılığı və bunun təqvimi verilməlidir. Bu gün fəal münaqişələr gedə-gedə bu haqda danışmaq bir qədər tezdir;
Qonşu ölkələr tərəfsizliyi qoruyur
- İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkür edirik;
Türkiyə böyük bir bölgə dövlətidir
- Türkiyənin gücündən narahat olan dairələr var. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir;
De-fakto Türkiyə artıq müzakirə masasındadır
- Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıqları olubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görə Türkiyə de-fakto buradadır;
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
- Türkiyə ilə hərbi sahədə işbirliyimiz gündən-günə möhkəmlənir. Keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda, özəl komandalar, digər sahələr üzrə. Ona görə bu işbirliyi ən yüksək səviyyədədir. Buna baxmayaraq Türkiyənin Azərbaycanda hərbi baza yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır;
Rəcəb Tayyib Ərdoğan dünya lideridir
- O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən;
- Bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik;
- Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan Ordusunun əməliyyatının daha da uğurlu olmasına şərait yaradır;
- Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar;
Şəhidlərimiz ümummilli kədərimizdir
- Prezident İlham Əliyevi ən çox kədərləndirən Azərbaycanın itkiləridir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. İstər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı soydaşlarımızdır, övladlarımızdır, qardaşlarımızdır;
- Azərbaycan xalqı iradəlidir, mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir. İndiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. İnsanlar mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!”;
- Bu gün Azərbaycan ordusunun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq;
- Qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bilir. Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi;
- Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır;
- Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifədir. Buna nail olmaq üçün böyük səy göstərilir - siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə. Siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik.