Prezident İlham Əliyevin Azərbaycan xalqına 20 oktyabr tarixli müraciətindən:Azərbaycan ordusunun qələbə marşı davam edir
Bu gün Azərbaycanın həm döyüş, həm də diplomatiya meydanında qələbələr qazanması, 30 ildir erməni işğalı altında olan torpaqlarımızın ard-arda erməni işğalından azad edilməsi bir-iki günün yox, illərdir aparılan düzgün və uzaqgörən, düşünülmüş siyasətin nəticəsidir.Prezident İlham Əliyev illərdir ki, Azərbaycan həqiqətlərinin, dövlətimizin qəti mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan iş aparır, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını işğaldan azad etmək hüququnu özündə saxladığını onların diqqətinə çatdırırdı.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində dünyanın ikili siyasəti fonunda beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilmədiyini, işğalçı dövlətə sanksiyaların tətbiq olunmadığını önə çəkərək münaqişənin həlli prosesinin indiyədək uzanmasında bu amilin rolunu xüsusi vurğuladı.«Biz böyük qayıdışın astanasındayıq» söyləyən cənab İlham Əliyev dünyanın erməni təxribatlarına, beynəlxalq hüququn normalarına məhəl qoymaması fonunda Azərbaycan Ordusunun sentyabrın 27-dən bügünədək böyük tarix yazdığını, işğalçı dövlətin hərbi texnikasına sarsıdıcı zərbələr vurduğunu xüsusi qeyd etdi. Məhv edilən və qənimət götürülən Ermənistan hərbi texnikasının statistikasına diqqət yetirdikdə kasıb, dilənçi dövlətə havadarları tərəfindən böyük maddi dəstəyin göstərildiyini aydın görmək mümkündür. Məhz bu dəstəklər Ermənistanın təxribatlarının miqyasının genişləndirilməsinə, yeni ərazilər uğrunda müharibə planları hazırlamasına səbəb olur. Lakin Azərbaycan Ordusu bu cəhdlərin qarşısını böyük qətiyyətlə alır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində bu məqamı da xüsusi qeyd etmişdir ki, düşmən layiq olduğu yerdə oturduldu. Biz buna yumruğumuzla nail olduq. Bu yumruq düşmənin başına vurulan zərbə deyil, birliyimiz, həmrəyliyimizdir.
İlham Əliyev xalqa hər bir müraciətində işğal olunmuş yaşayış məntəqələrimizin adlarını açıqlayır, xalqımızı daha da qürurlandırır. Oktyabrın 20-də işğaldan azad olunan Cəbrayıl, Füzuli şəhərlərinin sırasına Zəngilan da daxil oldu. Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edildi. Möhtərəm Prezidentmiz bu reallığı böyük sevinc və qürur hissi ilə vurğulayır ki, müzəffər Azərbaycan Ordusu uğurlu hücum əməliyyatlarının gedişində düşmənləri torpağımızdan qovur və qovacaqdır. Öz xoşları ilə torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bu qələbələr rəşadət rəmzidir. Bizim qisasımız döyüş meydanındadır. İşğal olunmuş bütün ərazilərimizdə üçrəngli bayrağımız qaldırılacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, yeni həyat başlayacaq. Qarabağ bizimdir, Qarabağ Azərbayandır!