Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Azərbaycan xalqına 26 oktyabr tarixli müraciətindən:Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir.

29 oktyabr 2020 | 16:00

Müzəffər Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən  təcavüzkar Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində yeni-yeni qələbələr qazanır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz demək olar ki, hər gün irəliləyir, uğurlar əldə edir. Ordumuzun gücü qarşısında düşmənin hərbi birləşmələri döyüş mövqelərindən qaçır.

Əks-hücum əməliyyatlarının ilk günündə qəhrəman əsgərlərimiz Füzuli rayonunun bir neçə kəndini, bir sıra strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini azad etdi. Həmin gündən sonra da qələbə xəbərləri bir-birinin ardınca xalqımızı sevindirir. Tətərin Suqovuşan, Talış kəndlərinin , Cəbrayıl şəhərinin və onun çoxlu sayda kəndlərinin, Hadrut qəsəbəsinin, Füzuli şəhərinin və kəndlərinin,  Xocavənd rayonunun bir çox kəndlərinin, həmçinin  Zəngilan şəhərinin və xeyli kəndinin işğaldan azad edilməsi buna sübutdur. Cənab Prezidentin oktyabrın 26-da xalqa növbəti müraciətində də yeni qələbələrin müjdəsi verildi. Bu dəfə Qubadlının ondan çox kəndinin və Qubadlı şəhərinin işğaldan azad olunduğu qətiyyətlə bildirildi.

Ali Baş Komandanımız cənab İlham Əliyev xalqa müraciətlərində, həm də xarici kütləvi informasiya vasitələrinə müsahibələrində prinsipial mövqeyini dəfələrlə bəyan edib. Bu mövqe ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Bundan sonra məsələ siyasi müstəvidə həll oluna bilər. Amma hələ ki, erməni tərəfindən hər hansı konstruktiv mövqe görünmür. Əksinə, Ermənistanın baş naziri indiyədək mövcud olan münaqişənin həlli ilə bağlı baza prinsiplərini inkar edir.

Əvəzində bu işğalçı ölkənin vandal hərəkətləri davam edir. Heç bir beynəlxalq Konvensiya və hüququ tanımayan, istənilən sənədi ayaqlayan, əldə olunmuş razılaşmanı, atəşkəsi xaincəsinə pozan Ermənistanın əməllərinə, Gəncədə törədilən dinc sakinlərin qətliamına 28 il əvvəl olduğu kimi, yenə də dünya birliyi, beynəlxalq təşkilatlar ciddi reaksiya vermir. Dünya səsini çıxarmadıqca daha da azğınlaşan erməni hakimiyyəti cəbhədəki uğursuzluqlarını ört-basdır etmək üçün dinc sakinləri hədəf alır, vətəndaşlarımız arasında təşviş yaşatmağa çalışır. Ön cəbhədən uzaq yaşayış məntəqələrinə, mülki obyektlərə, dinc əhaliyə, o cümlədən uşaq, qadın və qocalara atılan raketlər sübut edir ki, gözünü qan örtmüş düşmən xain niyyətlərini reallaşdırmaq üçün daha irəli gedir. Döyüş meydanında uduzmağın əvəzini Azərbaycanın dinc əhalisinə, mülki obyektlərinə zərbə endirməklə çıxmaq istəyən Ermənistan rəhbərliyinin Tərtəri, Ağdamı, Bərdəni, Ağcabədini, hətta cəbhədən uzaq Gəncə və Mingəçevir şəhərlərini vurması dövlət terrorizmi və bəşəri cinayətdir. Ermənilərin son vandallıq və soyqırım aksiyası insanlıq prinsiplərinə açılan amansız atəş, beynəlxalq normalara açıq meydan oxumaqdır. Məhz mülki əhalinin öldürülməsini qadağan edən beynəlxalq konvensiyaların yerinə yetirilməsinə məsuliyyət daşıyan, buna nəzarət etməli olan beynəlxalq təşkilatlar Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qalmamalıdır.

Bu gün cəbhə xəttindəki möhtəşəm qələbələrimizin əsasını məhz xalqımızın ordumuza və Ali Baş Komandana sonsuz  inamı təşkil edir.

Keçidlər