Şuşanın azad olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən: İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi!
Sentyabrın 27-dən- II Qarabağ müharibəsinin başlandığı ilk gündən Müzəffər Ali Baş Komandan, qətiyyətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirir. Rəşadətli Azərbaycan əsgəri öz canı, qanı bahasına tarixi, əzəli-əbədi torpaqlarımızı Ermənistan silahlı qüvvələrinin işğalından azad edərək demək olar ki, hər gün “qələbə bizimlədir” deyərək hamımızı sevindirir.
Azərbaycan tarixinin qızıl səhifələrini yazan qalib Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini - milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin simvolu olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı, Cıdır düzünü, İsa bulağını, xarı bülbülümüzü öz canı və qanı bahasına yenidən və əbədi olaraq fəth etdi.
Noyabrın 8-də Prezident , Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında xalqımıza müraciət edərək böyük sevinc hissi ilə ruhumuzun özü, varlığımızın nüvəsi olan Şuşamızın dünyanın ən mənfur təcavüzkarı olan terrorçu Ermənistan ordusunun işğalından azad olunması müjdəsini verdi: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bütün uğurlarımız kimi bu uğurumuzun da kökündə duran ən başlıca amil xalq-Prezident birliyidir. Bu gün böyükdən-kiçiyə hər kəsin dilində bir söz var o da Ali Baş Komandan İlham Əliyev! Bu gün hər kəs onun çıxışlarını əzbər bilir. Bu gün hər kəs onun müraciətini dörd gözlə gözləyir. Bu gün onun hər bir sözü bizim üçün yaddaş kitabçasıdır. Bizə bu sevinci, bu qüruru, bu iftixarı yaşadan mərd Azərbaycan oğlu Ali Baş Komandan başda olmaqla bütün əsgər və zabitlərimizdir. Müasir dünyamızda Cənab Prezidentin rəhbərliyi altında bu gün Azərbaycan xalqı özünü qürurlu, cəsarətli, yenilməz xalq kimi bir daha təsdiq etdi. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni tarix yazır, yeni reallıqlar diktə edir. Vətənimizi müdafiə edən və tarixi dədə-baba torpaqlarımızı işğaldan azad edən ərənlərimizin hər biri öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazır. Azərbaycanın şanlı, üçrəngli bayrağı Şuşada dalğalanır.
“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən dahi Heydər Əliyevin bu arzusunu bu gün cənab Prezident İlham Əliyev “Əziz Şuşa, sən azadsan.” deyərək realizə etdi.