Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Xocalı faciəsinin 24-cü ildönümü anılmışdır.

26 fevral 2016 | 16:00

  Xocalı Soyqırımı ilə əlaqədar  Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək,  xiyabandakı şəhid məzarları önlərinə tər qərənfillər düzmüşlər.
  Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və rayon ərazisində məskunlaşmış  məcburi köçkün və şəhid ailələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov Xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd edib. Anım mərasimi Xocalı soyqırımına həsr olunmuş və burada törədilən dəhşətləri əks etdirən “XOCALI SOYQIRIMI” adlı video çarxın nümayişi ilə davam etdirilib.

  Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu helikopter 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən   təşkil  olunmuşdu. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar güclü atəşə tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

   Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
   Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyidlərin  qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
   Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
   Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir.

Keçidlər