Xızı rayon icra hakimiyyətində ümumrayon toplantısı keçirilib
Xızı rayon icra hakimiyyətində cənab prezidentimiz İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq ümumrayon toplantısı keçirilib.
Toplantıda rayonun idarə, təşkilat, müəssisə rəhbələri ilə yanaşı həmçinin Qarabağ müharibəsi əlilləri, veteranları, rayon ictimaiyyəti iştirak edirdilər.
Toplantını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov qeyd etdi ki, xalqımız Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti qələbəsini qazandı. Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalmış və bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olmuşdur. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılmış, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunmuşdur. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənmişdir.
Düşmən hücumunun qarşısının alınması zamanı həmyerlimiz-Xızı rayonu, Giləzi qəsəbə sakini 1986-cı il təvəllüdlü Novruzov Ravil Elman oğlu da şəhidlik zirvəsinə ucalmışdır. Dünən Xızı ictimaiyyəti öz qəhrəman oğlunu uğrunda şəhid olduğu vətən torpağına tapşırdı.Düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir, allahdan səbr diləyirik. Allah rəhmət eləsin. Yaralananlara Allahdan şəfa diləyirik.
Daha sonra, mövzu ilə bağlı çıxış edənlər, müharibə əlilləri və veteranları, həmçinin ağsaqqallar qələbə münasibətilə rayon içtimaiyyətini təbrik etdilər. Vurğulandı ki, baş verən hadisələr Azərbaycan ordusunun, xalqının vəzifəsini layiqincə yerinə yetirmək gücündə, bacarığında olduğunu sübuta yetirdi: Bütün xalqın ayağa qalxması isə Azərbaycan torpaqlarının qısa bir vaxtda işğaldan azad olunması üçün kifayət edər. Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyəti, qüdrəti özünü bir daha nümayiş etdirdi. Bu gün iradə, qətiyyət, güc parametrlərinə görə Azərbaycanın qarşısında dayana biləcək Azərbaycan düşməni yoxdur. O düşmən ki, Azərbaycanın torpağını başqalarının köməyi ilə işğal edib, onların Azərbaycanın qarşısında dayanmaq imkanları mövcud deyil.
Bu gün insanlar arasında əhval- ruhiyyə yüksək səviyyədədir. Azərbaycan xalqı vətənin müdafiəsi istiqamətində öz həmrəyliklərini nümayiş etdirirlər. Çıxış edənlər sonda hər an vətənin azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını bəyan etdilər.