Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə bayram tədbiri keçirildi.

14 iyun 2016 | 16:00

15 iyun - Milli Qurtuluş Günü  Xızı rayonunda böyük coşqu ilə qeyd olunub. Tədbirdə rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
     İlk öncə Xızı Rayon İcra Hakimiyyəti başçısı cənab Xəzər Aslanov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanları, səhiyyə, mədəniyyət, təhsil işçiləri və digər idarə və müəssisələrin kollektivləri, eləcə də rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Daha sonra isə Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə ilk öncə  Azərbaycanın Himni səslənmiş və Azərbaycanın müstəqilliyi uğrunda əzmlə səy göstərmiş Ulu Öndər Heydər ƏIiyevin xatirəsinə həsr olunmuş videofilm nümayiş edilmişdir. Bayram tədbirində  xalq mahnıları səslənmiş, konsert iştirakçılarının çıxışları tədbir iştirakçılarının alqışları ilə qarşılanmışdır. Həmçinin əməkdar artist Azad Şükürov tərəfindən Ulu Öndər Heydər Əliyev haqqında şeirlər səslənmişdir.  
    Azərbaycanda iyunun15-i Milli Qurtuluş Günü kimi qeyd edilir.
   1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Ancaq müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
   Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
   1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
  Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim əzmlə səy göstərmiş  bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.
   Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.                                                             
  Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Keçidlər