“Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verildi.
“Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verildi
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 iyul 2016-cı il tarixində “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verildi. Layihə çərçivəsində ilk tədbir Xızı rayon İcra Hakimiyyəti ilə birgə rayon Mərkəzi Kitabxanasının binasında rayon gənclərinin, dövlət qulluqçularının, fəal qadınların iştirakı ilə keçirilmişdir.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısının müavini -İctimai-siyasi və humanitar məsələləri şöbəsinin müdiri Jalə Süleymanova giriş sözü ilə açaraq, layihənin Xızıda start verilməsinin təqdirəlayiq olduğunu vurğuladı. Jalə Süleymanova Xızı rayonunda ailələrlə və uşaq hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər haqqında tədbir iştirakçılarına məlumat verdi.
Tədbiri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva davam etdirərək, ölkədə erkən nikahların və məişət zorakılığının qarşısının alınması sahəsində aparılan tədbirlərin effektivliyi, maarifləndirmənin təsiri, layihənin məqsədlərini iştirakçılara çatdırdı. Aynur Sofiyeva ölkə rəhbərinin, Azərbaycan Respublikasının Prezidentinin siyasi iradəsinə əsasən cəmiyyətdə ictimai təhlükəsizliyin müdafiəsi, iqtisadi və sosial sahələrin inkişafı və yeni təkliflər haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonra məişət zorakılığı və erkən nikahın fəsadlarını əks etdirən “Azərbaycan Ailəsi 2015” Film festivalına təqdim olunmuş “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş olunmuşdur.
Tədbir çərçivəsində Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək, Azərbaycanda insan hüquqlarının müdafiəsi, narkotiklərin təsiri və cinayət məsuliyyəti, insan alveri ilə mübarizə üsulları haqqında iştirakçılara ətraflı məlumat çatdırdı.
Həmin tədbir çərçivəsində Komitənin Ailə Problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva “Azərbaycan Ailəsi” kitabını tədbir iştirakçılarına təqdim etdi. Sonra isə Kamilə Əliyeva Xızı rayonunun Baxışlı kəndinin uzunömürlü ailələrinin gənc nəslin nümayəndələrinə “Azərbaycan Ailəsi” kitabını hədiyyə etdi.
Daha sonra rayon aqsaqqalı, təhsil şöbəsinin nümayəndəsinin və bir neçə fəal gəncin çıxışları ilə Xızı rayonunda aparılan abadlıq, maarifləndirmə və digər müsbət təcrübə haqqında məlumat verildi.
Tədbiri Komitənin sədr müavini Aynur Sofiyeva yekunlaşdıraraq Xızı rayonun fəal qadınlarına, gənclərinə və ictimaiyyətinə insan alveri və narkotiklərlə mübarizədə tədbirləri daha da gücləndirməyə çağırdı və Xızı Rayon İcra Hakimiyyətinə təqdim edilən imkanlarla bağlı minnətdarlığını bildirdi.
Tədbirdə insan alveri və narkotiklərlə mübarizə, erkən nikah, qan qohumluğu, ziyanlı vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzi və reproduktiv sağlamlıq, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti və digər mövzular ətrafında müzakirələr keçirilmiş və gənclər “Mən nəyə hə və mən nəyə yox deirəm” adlı sorğuda iştirak edərək öz düşüncələrini bölüşmüşdür.
Tədbirin sonunda Komitə tərəfindən hazırlanmış çap materialları ( “Valideyn məsuliyyəti”, “Erkən nikah və qanunvericilik”, “Qan qohumluğu”, “İnsan alveri”, ”Narkotiklərə yox deyək”, “Hər damlasında sevgi”, “Reproduktiv sağlamlıq”, “Sağlam həyat tərzi”, “Yaşlılara hörmət” və s.) tədbir iştirakçılarına təqdim edilmişdir.