Xızı rayonunda aqrar sahədə mövcud problemlərin həllinə dair tədbir keçirildi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri 10.08.2016-cı il tarixinde Xızı rayonunda olublar.
İşçi qrupun rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun üzvləri və rayon rəhbərliyi Xızı Rayon İcra Hakimiyyətində aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçiriblər, təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.
Xızıda aqrar sənaye kompleksinin inkişafı istiqamətində görülən işlər digər rayonlar üçün də nümunədir. Hazırda rayonda kənd təsərrüfatı sənayeləşir, ixrac potensialının artırılması üçün işlər görülür və uğurlu nəticələr əldə edilir. Kənd təsərrüfatında gəlirli sahələr inkişaf etdirilir, yeni iş yerləri açılır, əhalinin məşğulluğu təmin olunur.
Bu fikirlər Xızıda fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin və müvafiq dövlət strukturları nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə səsləndirilib.
Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək, dövlətimizin başçısının rəhbərliyi ilə respublikamızda aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışıb, aqrar sektorun perspektivləri barədə geniş məlumat verib. Şöbə müdiri Azər Əmiraslanov Prezident İlham Əliyevin rayonlarda yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq, Xızıda ixrac tutumlu sahələrin, o cümlədən üzümçülük, baramaçılıq və heyvandarlığın (arıçılıq,qoyunçuluq və s.) inkişafının vacibliyini vurğulayıb. Qeyd edib ki, rayonda kənd təsərrüfatının uzunmüddətli inkişafı üçün istehsal və emalla yanaşı, logistika bazasının olması da vacibdir. Prezident Administrasiyasının rəsmisi həmçinin onu da qeyd edib ki, işçi qrupu tərəfindən rayonlarda keçirilən görüşlərdə əsas məqsəd aqrar sahədə potensialı və imkanları öyrənmək, eyni zamanda, mövcud problemlərlə bağlı fermerlər və torpaq mülkiyyətçiləri ilə fikir mübadiləsi aparmaqdır.
Müşavirədə çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov rayonda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı işlərinin gedişi və bu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib, aqrar sektorun perspektivlərindən danışıb, eləcə də Prezidentin tövsiyə və tapşırıqlarının icrası ilə bağlı rayonda görülən işlər barədə məlumat verib. Dövlət başçımızın tapşırığı əsasında həyata keçirilən “Samur-Abşeron suvarma sisteminin yenidən quruilması” layihəsi çərçivəsində Xızı rayonu üzrə ilkin olaraq kateqoriyasının dəyişdirilərək kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi nəzərdə tutulan 4319,78 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunmuşdur. Layihə çərçivəsində “Aqromarket” servis MMC tərəfindən Giləzi qəsəbəsində 12 ədəd müasir tipli “Valley” dairəvi suvarma sistemi quraşdırılmışdır ki, təcrübə üçün həmin ərazidə 129 ha sahədə arpa, 40 ha sahədə buğda, 42 ha sahədə taxılla qarışıq yonca əkini aparılmışdır.
2016-cı ilin birinci yarım ili ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 29 milyon 198 min 800 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 668 min manat (5,44 %) azdır. O cümlədən, kənd təsərrüfatı məhsulunun həcmi 5 milyon 200 manat, yəni 32,4 % artaraq 20 milyon 426 min 900 manat olmuşdur.
Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev də iştirak edib, fermer və sahibkarların suallarını cavablandırıblar.