2016-cı ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Xızı rayon İcra Hakimiyyətinin Başçısı Xəzər Aslanov 07 oktyabr 2016-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildiyi barədə məlumat vermişdir. Dövlət başçısı iclası giriş nitqi ilə açaraq 2016-cı ilin dünya iqtisadiyyatı üçün tarixdə bəlkə də ən ağır illərdən biri olduğunu, dünya iqtisadiyyatında böhranlı vəziyyətin davam etdiyini, bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələrin, eyni zamanda, istehlakçı ölkələrin əziyyət çəkdiyini, 2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşandığını, dünyanın müxtəlif bölgələrində qanlı toqquşmaların, müharibələrin alovlandığını, risklərin, təhdidlərin artdığını qeyd etdi. Bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendumun keçirildiyini, həm də referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirildiyini bildirən dövlət başçımız insanların iradəsinin referendumun nəticələrində öz əksini tapdığını bildirdi.
Qeyd etmək lazımdır ki, referendum Xızı rayonunda da azad, demokratik və tam şəffaf şəkildə keçirildi və rayon ictimaiyyəti bu siyasi kompaniyada olduqca aktiv iştirak etdi. Belə ki, 9424 nəfər seçicidən 6907 nəfəri, yəni 73,29 faizi referendum zamanı səsvermə hüququndan istifadə etdi və seçicilərin mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi.
Cənab Prezident Azərbaycanda sabitliyin təmin edildiyini, sülhün, əmin-amanlığın, təhlükəsizliyin hökm sürdüyünü, insanların rahat yaşadıqlarını, quruculuq işlərinin aparıldığını qeyd edərək Azərbaycanda vətəndaş birliyi, həmrəyliyinin möhkəmləndiyini və bütün xalqın bir amal uğrunda-Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək istiqamətində birləşdiyini bildirdi.
Aprel döyüşlərini tariximizin şanlı səhifəsi adlandıran Ali Baş Komandan Azərbaycan Ordusunun Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdiyini, o torpaqlarda Azərbaycan bayrağının ucaldıldığını, iki min hektardan çox torpağın işğalçılardan təmizləndiyini, ondan bir neçə dəfə böyük olan ərazinin tam bizim nəzarətimizə keçdiyini qeyd etdi. Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq.
Beynəlxalq mövqelərimizin möhkəmləndiyini,bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirildiyini, bu yaxınlarda BMT-dən sonra ən çox üzvü olan Qoşulmama Hərəkatının Zirvə görüşündə növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildiyini vurğulayan dövlət başçımız bunun Azərbaycanın böyük diplomatik və siyasi uğuru olduğunu bildirdi.
Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə və bunun nəticəsində dövlət investisiyalarının azalmasına, tikinti sektoruna az sərmayə qoyulmasına baxmayaraq aparılan islahatlar nəticəsində 9 ayda Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun hesabına 3,6 faiz, sənaye potensialımızın 0,2 faiz, kənd təsərrüfatının 2,4 faiz artdığı, sosial layihələrin icra edildiyi, iyirmi doqquz məktəb tikildiyi, 485 məktəbdə təmir işlərinin aparıldığı, 33 səhiyyə obyektinin təmir və inşa olunduğu, böyük yol layihələrinin, kənd yolları layihələrinin icra edildiyi, bir neçə şəhərimizdə içməli su layihələrinin başa çatdırıldığı, infrastruktur layihələrin icra edildiyi, 154 min iş yerinin yaradıldığı, onlardan 121 mininin daimi iş yeri olduğu qeyd edilmişdir.
Yekun nitqində Dövlət başçımız 2016-cı ildə çox ciddi iqtisadi islahatların aparıldığını və bu islahatların artıq öz nəticələrini verməkdə olduğunu qeyd edərək, apardığımız islahatların dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirildiyini, keçən il Azərbaycanın 40-cı yerdə olmasına baxmayaraq dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüldüyünü və bunun çox gözəl göstərici olduğunu, MDB məkanında həmişə olduğu kimi, Azərbaycanın birinci olduğunu və bu liderliyi saxladığımızı bildirdi.
Sonda cənab Prezident qarşıda duran vəzifələrdən danışaraq Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, 2017-ci ildə makroiqtisadi sabitliyə ciddi fikir verilməsi, inflyasiyanın birrəqəmli saxlanılması, süni qiymət artımına yol verilməməsi, bank sektorunda islahatların, konsolidasiya siyasətinin davam etdirilməsi, daxili bazarı qorumaq üçün əlavə tədbirlər görülməsi və burada çox çevik siyasət aparılması, sənaye potensialının inkişafına böyük diqqət göstərilməsi, bölgələrdə sənaye zonalarının yaradılması prosesinin davam etdirilməsi, sosial mənzillərin tikilməsi, metallurgiyanın inkişaf etdirilməsi, pambıq istehsalının artırılması, kənd təsərrüfatının, xüsusən də taxılçılığın, heyvandarlığın, baramaçılığın, üzümçülüyün, şərabçılığın, tütünçülüyün və çayçılığın inkişaf etdirilməsi, şəkər çuğunduru, fındıq, zeytun və badamın əkin sahələrinin genişləndirilməsi, süd və süd məhsulları istehsalı və emalı müəssisələrinin yaradılması, meliorasiyaya, suvarma işlərinə daha böyük diqqət göstərilməsi, zəbt edilmiş torpaqların geri qaytarılması, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstəriməsi, ailə biznesinin inkişaf etdirilməsi, kənd təsərrüfatının hər bir sahəsi üzrə daxili tələbatın 100 faiz təmin edilməsi, ixrac bazarlarının müəyyən edilməsi barədə öz tapşırıq və tövsiyələrini verdi.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 01 oktyabr 2016-cı il tarixə rayon əhalisinin sayı 192 nəfər-1,2% artaraq 16464 nəfər olmuş, təbii artım 105 nəfər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 nəfər-3,96 % çox təşkil etmişdir. 2016-cı ilin 9 ayı ərzində Xızı rayonu üzrə 184 doğum, 62 ölüm, 36 nikah, 12 nikahın pozulması, 16 atalığın müəyyən edilməsi, 2 doğum aktı qeydinin bərpa edilməsi və 01 adın dəyişdirilməsi qeydə alınmışdır. Nikahlardan 13-ü Heydər Əliyev Mərkəzində qeydə alınmışdır.2015-ci ilin müvafiq dövrü ilə müqayisədə doğum 28 vahid, ölüm 6 vahid artmış, nikah bağlanması 16 vahid, nikahın pozulması 12 vahid azalmışdır.
Rayonda İctimai-siyasi durum sabitdir.Rayonda fəaliyyət gostərən yeganə siyasi partiya Yeni Azərbaycan Partiyasıdır. YAP Xızı rayon təşkilatı 42 ilk partiya təşkilatı və 1853 nəfər üzvü özündə birləşdirir ki, bunlardan 850(45.9%) nəfərini qadınlar, 846(46.7%) nəfərini isə gənclər təşkil edir. Rayonda 5 qeyri hökumət təşkilatı 9 ictimai təşkilat , 10 məscid (7-si fəaliyyət göstərir) və 10 pir vardir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası ilə əlaqədar rayon ərazisində 2003-2015-ci illərdə həyata keçirilmiş tədbirlər nəticəsində 8862,0 yeni iş yeri yaradılmışdır ki, bundan 1316-ı daimi, 6946-ı isə müvəqqəti və mövsümü iş yerləridir. 2016-cı ilin 9 ayı ərzində 212-i daimi, 153-ü müvəqqəti olmaqla cəmi 365 yeni iş yeri yaradılmışdır.
Rayonda aparılan abadlıq-quruculuq işləri davam etdirilir. Belə ki, Xızı şəhərində DSMF Xızı rayon şöbəsinin inzibati binasında və həyətyanı sahəsində son tamamlama işləri aparılır. Xızı şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının, yeni yaradılmış kənd təsərrüfatı idarəsinin inzibati-laboratoriya binasının və “Xızı Qrand Hotel”in inşası davam etdirilir. Qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin əvəzinə tikilən 25 ədəd fərdi yaşayış evinin inşası başa çatdırılmaq üzrədir.
Rayon ərazisində sosial layihələrin icra edilməsi və uşaq bağçalarının tikintisi davam etdirilmişdir. Bu tədbirlər əhalinin sosial əhəmiyyətli sifarişləri əsasında həyata keçirilmiş, onlar tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Hazırda 75 yerlik Xızı şəhər Uşaq bağçasının və 420 şagird yerlik Xızı şəhər tam orta məktəbinin layihələndirmə işləri aparılır.
2016-cı ilin 9 ayı ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 52 milyon 564 min 800 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 156 min 600 manat (7,3%) azdır. O cümlədən, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi 34,5 faiz artaraq 36 milyon 580 min 700 manata, nəqliyat sektorunda əldə olunan gəlirlər təqribən 2,5 faiz artaraq 510 min manata, ticarət və pərakəndə satış 6,5 faiz artaraq 5 milyon 620 min manata, sənaye məhsulunun ümumi həcmi 0,5 faiz artaraq 2 milyon 305 min 700 manata, rabitə xidmətlərinin həcmi isə təqribən 2,4 faiz artaraq 106 min manata çatmış, əsaslı tikinti 65,1 faiz azalaraq 7 milyon 442 min 400 manata enmişdir. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 2015-ci ilin 9 ayı ilə müqayisədə 29,3 faiz artaraq 43 milyon 16 min 400 manat olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə hesabat dövründə Xızı rayonuna Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 23 layihə üzrə cəmi 6 milyon 224 min manat güzəştli şərtlərlə kreditlər verilmişdir ki, həmin vəsaitlə görüləcək işlərin nəticəsində 24 yeni iş yerinin açılması imkanı yaranmışdır.
Xızı rayonunun iqtisadiyyatının əsas sahəsini kənd təsərrüfatı təşkil edir ki, bu sahədə bitkiçilik və maldarlıq aparıcı rol oynayır. Rayonun kənd təsərrüfatında birtkiçilik və heyvandarlıq əsas yer tutur. 01.10.2016-cı il tarixinə 661,5 ha buğda sahəsi, 1042,5 ha arpa sahəsi olmaqlaümumilikdə 1704 ha səpin aparılmış (ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2% çox), əkilmiş sahələrdən 1273 ton buğda, 1594 ton arpa olmaqla ümuçilikdə 2867 ton (ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,9% çox) məhsul yığılmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,4 hektarı buğda sahəsi, 253,9 hektarı arpa sahəsi olmaqla 385,3 ha artıq səpin aparılmış, 425 tonu buğda, 490 tonu arpa olmaqla 915 ton artıq məhsul toplanmışdır. 2015-ci ilin müvafiq dövründə 2 ha sahədə qarğıdalı əkilərək 7 ton məhsul götürüldüyü halda, 2016-cı ildə 138 ha sahədə qarğıdalı əkilərək 477 ton məhsul götürülmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz bitkilərinin sahəsi 9,5 faiz artaraq 115 hektara, tədarük edilən məhsul isə 22,8 faiz artaraq 941,5 tona çatmışdır. Göründüyü kimi bu il keçən ildən fərqli olaraq əkin sahələrində, həm də tədarük olunan məhsulda çoxalma qeydə alınmışdır.
2016-cəı ilin payızında ümumilikdə 497 ha şum edilmişd, 31,5 hektarı buğda , 3,5 hektarı arpa, 10 hektarı yonca olmaqla ümumilikdə 45 ha səpin aparılmışdır.
Rayonda 01.10.2016-cı il tarixə 10065 baş iribuynuzlu (o cümlədən inək və camışlar 5177 baş), 93670 baş xırdabuynuzlu heyvan, 198 baş donuz olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1258 baş, xırdabuynuzlu heyvanların sayı 2863 baş, donuzların sayı isə 122 baş azalmışdır.
Quşların sayı isə 245875 baş artaraq 1 milyon 669 min 177 başa çatmışdır.
Hesabat dövrü ərzində 877,2 ton inək əti, 342,77 ton 1qoyun və keçi əti, 2566,6 ton quş əti olmaqla ümumilikdə (diri çəkidə) 3786,57 ton əət istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,23 ton az təşkil edir.Süd istehsalı ötən illə müqayisədə 8,4 faiz azalaraq 9915,8 tondan 9077,99 tona düşmüş, yumurta istehsalı 30,9 faiz artaraq 88 milyon 923 min ədədə çatmış, yun istehsalı isə 2,3 faiz azalaraq 150 tondan 146,6 tona enmişdir .
Damazlıq işlərinin aparılması məqsədilə əhali və fermer təsərrüfatlarında süni mayalamanın əhəmiyyəti barədə maarifləndirmə işləri davam etdirilmiş, bu üsulla alınan buzovların yerli heyvanlardan üstün olduğu təsviri şəkildə nümayiş etdirilmişdir. 9 ay ərzində 150 baş inək və düyə süni yolla mayalandırılmış və mayalandırılmış heyvanlardan 104 baş buzov alınmışdır.
Yekun nitqində kənd təsərrüfatının hər bir sahəsinin bizim üçün vacib olduğunu vurğulayan Dövlət başçımız çox böyük gəlir gətirən sahə olan yeni zeytun bağlarının salınması barədə tapşırıq verərək bunun üçün artıq həm Abşeron yarımadasında, həm şimal zonasında, Xızı rayonunda yerlərin müəyyən edildiyini və dünya bazarına zeytun çıxarmaq üçün orada işlərin getdiyini bildirdi. Bəli artıq son bir neçə ildir ki, Xızı rayonunda meyvə bağlarının və istixanaların salınmasına başlanmışdır ki, artıq bu bağların və istixanaların bəzilərindən məhsul əldə edilir.
Belə ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq ərazilərdə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə Xızı Rayon İcra hakimiyyəti başçısının rəhbərliyi ilə yaradılmış xüsusi Qərargah tərəfindən rayonun iqtisadi potensialına uyğun həyata keçirilən tədbirlər nəticəsində Giləzi qəsəbəsi ərazisində bir fiziki şəxs tərəfindən 9 ha, bir hüquqi şəxs tərəfindən 46 hektar olmaqla ümumilikdə 55 ha zeytun bağı, bir hüquqi şəxs tərəfindən 14 ha üzüm bağı salınmışdır.
Sitalçay kəndi ərazisində bir fiziki şəxs tərəfindən 6 ha sahədə üzüm bağı, 8 ha sahədə nar bağı, digər fiziki şəxs tərəfindən Sitalçay bələdiyyəsindən icarə qaydasında götürülmüş 30 ha torpaq sahəsinin 15 hektarında nar bağı salınmışdır.
Şuraabad qəsəbəsi ərazisində bir fiziki şəxs tərəfindən 30 hektar sahədə zeytun bağı salınmışdır.
Giləzi qəsəbəsi ərazisində bir fiziki şəxs tərəfindən tərəvəz məhsulları (xiyar və pomidor) yetişdirmək üçün ərazisi 0,13 ha və 0,061 ha olmaqla 2 ədəd, digər fiziki şəxs tərəfindən 2 hektar pay torpaq sahəsində 3 ədəd istixana tikilmişdir ki, hər hektardan orta məhsuldarlıq 10 ton təşkil edir.
Giləzi qəsəbəsi ərazisində “Şərq-Qərb” ASC tərəfindən 5,0 ha pay torpaq sahəsinin 3 hektarında tərəvəz məhsulları (xiyar və pomidor) yetişdirmək üçün istixana kompleksinin tikintisinə başlanmış, hal-hazırda daxili tamamlama işləri yerinə yetirilir.
2016-cı ildə “Xızı Aqropark” MMC tərəfindən rayonun Yeni Yaşma kəndi ərazisində 110,10 ha dövlət fondu toropağının 50, ha hissəsində hər biri 10 ha olmaqla 5 ədəd istixana kompleksinin layihələndirilməsinə başlanılmışdır ki, hazırda həmin ərazidə hamarlama işləri görülür.
Dövlət başçımızın torpaqlardan təyinatına uyğun səmərəli istifadənin təmin edilməsi tapşırığının icrası ilə bağlı “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq Xızı rayonunda aparılan daxili nəzarət tədbirləri zamanı rayon ərazisində müvafiq razılıq alınmadan, məlumatlandırılmadan və ya tikinti norma və qaydalarına əməl edilmədən 3 obyektdə qeyri-qanuni tikinti işlərinin aparıldığı müəyyən olunmuş, 2 halda (əkin təyinatlı torpaq sahələrində tikinti aparılması) obyekt sahiblərinə rəsmi xəbərdarlıq edilərək qanunsuz tikintilər barədə Qaydalara uyğun olaraq FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilmiş, 1 halda isə qanunsuz tikinti aparan şəxs İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq 300 manat cərimə edilərək, inşasına yenicə başlanılmış qeyri-qanuni tikilinin sökülməsi təmin olunmuşdur.
Ötən illər ərzində qanunsuz inşa edilmiş obyektlərlə bağlı da Xızı Rayon İcra Hakimiyyəti tərəfindən qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülməkdədir. Belə ki, Xızı Rayon İcra Hakimiyyətinin iddiası əsasında 3 ədəd qeyri-qanuni inşa edilmiş obyektin sökülməsi barədə Məhkəmə Qərarları verilmiş, 2 hal üzrə məhkəmə qərarı icra edilsə də 1 hal üzrə məhkəmə qərarının icrası Xızı rayon İcra Qrupu tərəfindən müxtəlif bəhanələr gətirilərək yubadılır ki, bununla bağlı qurumun tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına aidiyyəti üzrə müraciət hazırlanır.
Xızı rayonunun ərazisi üzrə dövlət mülkiyyətində olan torpaqların bölgüsü, istifadə vəziyyəti və torpaq istifadəçiləri üzrə icarə haqqının ödənilməsi vəziyyətinin araşdırılması, bu sahədə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə Xızı RİHB-nın müvafiq sərəncamı ilə komissiya yaradılmış, torpaq sahələrinin istifadə vəziyyəti araşdırılmış və mövcud vəziyyət tam təhlil edilərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Belə ki, 2013-2016-cı illər ərzində torpaqlardan istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarəti qaydasında həyata keçirilən tədbirlər nəticəsində torpaq icarəçiləri olan hüquqi və fiziki şəxslərlə bağlanmış icarə müqavilələrinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yenidən baxılmış, 2013-cü ildə 30, 2014-cü ildə 25, 2015-ci ildə 13 olmaqla ümumilikdə 68 torpaq icarəsi müqaviləsində dəyişiklik edilərək icarə haqları normativ qiymətlərə uyğunlaşdırılmış, torpaqdan istifadə etmədikləri üçün 72 icarə müqaviləsinə (17140,70 ha), mülkiyyətçinin dəyişməsi ilə bağlı 27 icarə müqaviləsinə (8374 ha) xitam verilmişdir. Dövlət fondu torpaqlarında qanunsuz inşa edilmiş 9 tikilidən 8-i qarşılıqlı razılaşma yolu ilə, 1-i isə məhkəmə qaydasında sökülmüş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vurulmuş 2 ədəd göl ləğv edilmişdir. Ümumilikdə dövlət büdcəsinə 26425,94 manat icarə haqqı borcunun ödənişi təmin edilmiş və bu proses hal-hazırda tərəfimizdən nəzarət olunmaqla davam etdirilir.
Dövlət başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin rayon ərazisində icrası ilə əlaqədar 2007-ci ildə 346 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına dövlət büdcəsindən 102 min 807 manat, 2008-ci ildə 334 nəfər istehsalçıya 90 min 23 manat, 2009-cu ildə 302 nəfər istehsalçıya 126 min 981 manat, 2010-cu ildə 235 istehsalçıya 99 min 432 manat, 2011-ci ildə 244 nəfər istehsalçıya 106 min 800 manat, 2012-ci ildə 262 nəfər istehsalçıya 138 min 896 manat, 2013-cü ildə 231 məhsul istehsalçısına 105 min 942 manat, 2014-cü ildə 207 nəfər istehsalçıya 70 min 752,8 manat, 2015-ci ildə isə 151 məhsul istehsalçısına 48115 manat olmaqla 9 ildə 889 min 748 manat 80 qəpik subsidiya verilmişdir. 2016-cı ildə isə 282 məhsul istehsalçısına 83278,70 manat subsidiyanın verilməsi barədə sənədlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuşdur və yaxın vaxtlarda verilməsi təmin olunacaqdır.
“Samur-Abşeron suvarma sisteminin yenidən quruilması” layihəsi çərçivəsində Xızı rayonunun ərazisində əkin dövriyyəsinə cəlb edilməsi üçün suvarma sistemlərinin qurulması nəzərdə tutulan 9609,0 ha ərazidən 3550,54 ha torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi barədə Nazirlər Kabineti tərəfindən 15 avqust 2016-cı il tarixli 479s nömrəli sərəncam imzalanmışdır.
Layihə çərçivəsində 2015-ci ildə “Aqromarket” servis MMC tərəfindən Giləzi qəsəbəsində 12 ədəd müasir tipli “Valley” dairəvi suvarma sistemi quraşdırılmışdır ki, təcrübə üçün həmin ərazidə 129 ha sahədə arpa, 40 ha sahədə buğda, 42 ha sahədə taxılla qarışıq yonca əkini aparılmışdı.
Sakinlərin elektrik təhcizatının yaxşılaşdırılması məqsədilə 2016-cı ilin 9 ayı ərzində rayonun elektrik təsərrüfatında cari təmir işləri aparılmış,qəza bərpa işləri görülmüş, yol qırağı dayaqlar rənglənmiş, kənd və qəsəbələrdə çürümüş dayaqlar bərpa edilmiş, naqillər tarımlanmış, zədələnmiş transformatorlar yenisi ilə əvəz edilmişdir.
2016-cı ilin 9 ayı ərzində rayon üzrə dəyəri 3 milyon 319 min 676 manat təşkil edən 53 milyon 436 min 700 kVt/saat elektrik enerjisi satışa ötürülmüş, ümumilikdə 3 mln 890 min 10 manat vəsait yığılmlşdır ki, bu da 87,05 % təşkil edir. O cümlədən əhali istehlakçılarına dəyəri 472 min 439 manat olan 7 milyon 630 min 330 kVt/saat enerji verilmiş, 457 min 217 manat vəsait toplanmıdır ki, bu da 96,8 % təşkil edir.
Xaçmaz Regional Qİİ-nin Xızı Xidmət Sahəsi üzrə əhali sektoru üzrə 3518 abonent, qeyri-əhali sektoru üzrə 107 abonent qeydiyyatdadır ki, bunlardan da 30 əhali abonenti yeni qazlaşdırılaraq qeydiyyata alınmışdır.
Hesabat dövrü ərzində rayon ərazisində qaz xətlərinin həyətyanı sahələrdən, torpaq altından çıxarılaraq dayaqlar üzərinə qoyulması və təmiri işləri aparılmışdır.
Xızı Xidmət Sahəsi üzrə təbii qazdan istifadə edən bütün abonentlər 100% sayğaclaşdırılmışdir. Müəyyən vaxtlarada quraşdırılmış və dövrü istismar müddəti bitmiş 162 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuşdur ki, bundan 119 ədədi smart kart tipli sayğaclardır.
Hesabat dövrü ərzində ümumilikdə 18 sərfölçmə qovşağından 8 milyon 337 min 809 m3 təbii qaz qəbul olunmuş, bundan 8 milyon 592 min 201 m3 yəni 882 min 669,43 manat dəyərində ödəniş daxil olmuşdur ki, bu da 102.8% təşkil edir.Əhali sektoru tərəfindən istehlak olunmuş təbii qaza görə 394 min 880 manat 47 qəpik dəyərində ödəniş daxil olmuşdur ki, bu da 112,5% təşkil edir.
2016-cı ilin ötən dövrü ərzində də rayonun avtomobil yollarında təmir, yolların saxlanılması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, avtomobil yollarının təmiri,kənd yollarının asfaltlaşması istiqamətində işlər görülür. Giləzi-Xızı avtomobil yolunun 0-31 km hissəsində və Altıağac-Xızı avtomobil yolunun 0-94 km hissəsində çiyinlərə 12610 m2 sahədə çala təmiri, 17560 p/m küvetlər əl və mexanizmlərlə təmizlənmişdir.
Xızı şəhərinin H.Əliyev,C.Cabbarlı küçələrində və Şəhidlər xiyabanında sıradan çıxmış üzlük daşlar yenisi ilə əvəz edilmiş, M.A.Dadaşzadə, M.Müşdiq, Zəngəzur, Ə.Qədirov və C.Novruz küçələrində 60 ədəd işıq dirəyi quraşdırılmışdır. Ə.Qədirov, M.A.Dadaşzadə, Zəngəzur və T.Özal küçələrində 3500 p/m bardur düzülmüş və həmin küçələrdə 600 m 2 piyada səkisi tikilməklə üzəri tamet daş ilə döşənir. Hazırda son tamamlama işləri aparılır.
Sakinlərin içməli su təhcizatının yaxşılaşdırılması məqsədilə Xızı rayon Sukanal idarəsi tərəfindən cari təmir işləri aparılmışdır. Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq əməkdaşlıq agentliyi arasında imzalanmış “Kiçik şəhərlərdə su təhcizatı və kanalizasiya layihəsi”nə uyğun olaraq “Xızı şəhəri və Altıağac qəsəbəsinin su təhcizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində işlər hal-hazırda davam edir.
İl ərzində “Sukanal” idarəsi tərəfindən 1 milyon 556 min 812 m3 su satılmış, 1milyon 187min 370 manat 78 qəpik ödəniş edilmişdir ki, buda 94,2% təşkil edir.Əhali sektoru tərəfindən 394 min 326 m3 su istehlak olunmuş, 46 min 443 manat ödəniş daxil olmuşdur ki, buda 47,1% təşkil edir.
2016-ciı ilin 9 ayı ərzində rabitə və informasiya xidməti sahəsində abunəçi xətləri yenisi ilə əvəz olunuş, kəndlərdə yararsız vəziyyətdə olan 115 ədəd dirək düzəldilərək normaya gətirilmiş və 5 ədədi yeni dirəklə əvəzləşdirilmişdir
9 ay ərzində 61 ədəd telefon çəkilişi aparılmışdır. Rayon üzrə 654 nəfər genişzolaqlı internet xidmətindən istifadə edir.
Giləzi Regional Meşəsalma Müəssisəsi tərəfindən 55 ha sahə kol-kosdan təmizlənmiş,28.5 ha sahədə əkin və səpin işlərinin aparılması üçün torpaq hazırlanmış, sahələrə 270 kq mineral gübrə verilmiş,1040 ha meşə əkinləri suvarılmaqla qulluq edilmiş və dibləri doldurulmuşdur. 2016-cı ilin ötən dövrü ərzində 1,3 ha sahədə səpin şöbəsi yaradılmış, 23 ha səpin şöbəsi suvarılmala qulluq edilmiş,550 min ədədd əkinmaterialı və 3370 kq toxum tədarük edilmiş, 30 ha sahədə əkin və səpin işlərinin aparılması,240 ha sahədə isə təbii bərpaya kömək edilməsi nəzərdə tutulmuşdur.
6 saylı Yaşıllaşdırma idarəsi tərəfindən 2016-ci ilin 9 ayı ərzində 137 ha sahədə 78470 ədəd müxtəlif cinslərdən ibarət ağaclar əkilmiş, 1753 ha sahəyə mexaniki və əl ilə qulluq edilmiş, 9492 ha sahə damcı üsulu ilə suvarılmış, 200 km yanğına qarşı mühafizə zolaqları çəkilmişdir.
2015-2016-cı dərs ilində Xızı rayonunda 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb, 1 Uşaq Gənclər İdman məktəbi, 1 Uşaq Gənclər Şahmat məktəbi, 1 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində 2136 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 240 müəllim məşğul olur.
Rayon üzrə əhaliyə tibbi xidmət göstərən tibb ocaqlarının sayı 12-dir. O, cümlədən Xızı RMX-sı, 6 həkim məntəqəsi və 5 tibb məntəqəsi tibbi xidmət göstərir. Xələnc və Qarabulaq tibb məntəqələrinin binası yoxdur. Bu kəndlərdə əhaliyə tibbi xidmət Rayon Mərkəzi Xəstəxanası tərəfindən göstərilir.
Rayon üzrə cəmi çalışan tibb işçilərin sayı -84, o cümlədən həkimlərin sayı – 26, orta tibb işçilərin sayı -58,vakant yerlərin sayı – 31.
Xızı rayonu üzrə 2016-cı ilin 9 ayı ərzində 60 nəfər çağırış yaşına çatmış gənc hərbi xidmətə yola salınmış və çağırış planı 100% yerinə yetirilməklə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq Sərəncamının icrası təmin edilmişdir.
2016-cı ilin 9 ayı ərzində Xızı rayon Polis şöbəsi tərəfindən 25 ümumi cinayət hadisəsi qeydə alınmış, onlardan 24 cinayət hadisəsinin açılması təmin edilmiş, 1 cinayət hadisəsi isə bağlı qalmışdır. 2015-ci ilin müvafiq dövründə isə 21 ümumi cinayət hadisəsi qeydə alınmış, onlardan 20 cinayət hadisəsinin açılması təmin edilmiş, 1 cinayət hadisəsi bağlı qalmışdır. Ümumi cinayətlərin dinamikasını 2015-ci ilin müvafiq dövrü ilə müqayisə etdikdə cinayətlərin sayı 4 vahid artmış, açılma faizi isə eyni olmuşdur.
2016-cı ilin 9 ayı ərzində Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 187 vətəndaş müraciəti daxil olmuşdur ki, bundan 159-u ərizə, 28-i şikayətdir. Daxil olan müraciətlərdən 45-i, o cümlədən nəzarətlə 5-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 5-i Azərbaycan Respublikasının Milli Məclisindən, 5-i Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, 16-ı Respublikanın digər təşkilatlarından daxil olan, 116-ı isə bilavasitə Xızı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin ümumi sayı 5 vahid, şikayətlərin sayı 17 vahid artmışdır. Daxil olan müraciətlərdən 71- i müsbət həll edilmiş, 100-ü barədə müvafiq izahat verilmiş, 9-u əsassız hesab edilmiş, 5-i baxılmamış saxlanılmış, 2-i isə baxılması üçün aidiyyəti üzrə göndərilmişdir.
Hesabat dövrü ərzində 113 nəfər Rayon İcra Hakimiyyəti başçısının aparatında qəbul edilmiş, yerlərdə 31 səyyar görüş-qəbul keçirilmişdir ki, qəbullarda iştirak edən 1340 nəfər sakindən RİH başçısına müraciət edənlərin sayı 45 nəfər olmuşdur.
Rayon əhalisi adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarını əmin edim ki, biz Xızı ictimaiyyəti olaraq bundan sonra da dövlətimizin inkişafı naminə səylərimizi daha da artıracaq, ölkə başçımızın qarşımızda qoyduğu vəzifə və tapşırıqların tam həllinə uğurla nail olacağıq.