Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı.

18 aprel 2017 | 16:00

    Bildiyiniz kimi 10 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlət başçısı iclası giriş nitqi ilə açaraq birinci rübdə ölkəmizin uğurla inkişaf etdiyini, bütün proqnozların həyatda öz əksini tapdığını, beynəlxalq mövqelərimizin möhkəmləndiyini, ölkə daxilində proseslərin müsbət istiqamətdə getdiyini, iqtisadi inkişafın təmin edildiyini, bütün sosial məsələlərin öz həllini tapdığını vurğulamış,  2017-ci ilin də ölkəmiz üçün uğurlu il olacağını qeyd etmişdir.
     Cənab Prezident dünyada və regionda mövcud beynəlxalq vəziyyətin hələ ki, çox gərgin olaraq qaldığını, mövcud olan münaqişələrin, qanlı toqquşmaların davam etdiyini, yeni risklərin yarandığını, yeni təhdidlərin ortaya çıxdığını və bütövlükdə, 2017-ci ildə bölgədə sabitlik istiqamətində ciddi addımların atılmadığını bildirdi.
     Davos Ümumdünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər tədbirlərdə iştirak edərkən ölkəmizin mövqeyini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti ilə bağlı mövqeyini dünya ictimaiyyətinə bir daha çatdırdığını qeyd edən dövlət başçımız  ərazi bütövlüyü prinsipinin danışıqlar mövzusu olmadığını və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağını bir daha bəyan etmişdir.
    Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasətinin artıq qınaq obyektinə çevrildiyini bildirən dövlət başçımız Dağlıq Qarabağda qondarma “referendum”un keçirilməsi ilə Ermənistanın özünü bir daha biabır və ifşa etdiyini, Minsk qrupuna həmsədrlik edən ölkələrin, Avropa İttifaqı və bir çox ölkələrin dərhal bu “referendum”u pislədiklərini, bu “referendum”u tanımadıqlarını və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etdiklərini qeyd etdi.
    Bizim qanunlarımızı bir neçə dəfə kobudcasına pozmuş, Dağlıq Qarabağa qanunsuz səfərlər etmiş, Azərbaycan dövlətini, xalqını təhqir etmiş bir nəfərin xaricdə saxlanılaraq bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verildiyini və Azərbaycana gətirildiyini  qeyd edən cənab Prezident, bunu ədalətin bərpası və  beynəlxalq hüququn aliliyi kimi dəyərləndirərək  bunun, həm bizim qanunlarımızı kobudcasına pozan və bununla qürrələnən şəxsə və onun kimilərinə dərs olacağına əminliyini ifadə etmişdir.
     Cənab Prezident 2017-ci ilin birinci rübünün yekunlarının Azərbaycan iqtisadiyyatının çox dinamik şəkildə inkişaf etdiyinin göstəricisi olduğunu vurğulayaraq, iqtisadiyyatın qeyri-neft sektorunun 2,4 faiz, kənd təsərrüfatının 3,5 faiz, bitkiçiliyin 20 faizdən çox, ticarət dövriyyəsinin 15 faiz, İxracın təxminən 50 faiz, qeyri-neft ixracımızın təqribən 10 faiz ətrafında artdığını, idxalın isə 17 faiz azaldığını, qeyri-neft sənayemizin artımının 2 faiz səviyyəsində olduğunu, birinci rübdə valyuta ehtiyatlarımızın 1 milyard dollar səviyyəsində artaraq 38,5 milyard dollara çatdığını ictimaiyyətin diqqətinə çatdırdı.
   Bu göstəricilər bizim iqtisadi vəziyyətimizi real əks etdirir. Bu il Davos Ümumdünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Azərbaycan böhranlı illərdə öz reytinqini üç pillə artıra bilmişdir. İnkişafda olan ölkələr arasında reytinqə görə isə Azərbaycan 1-ci, 2-ci yerləri bölüşür.
    Birinci rübdə 85 min yeni iş yeri yaradılmışdır ki, onlardan 70 mini daimi iş yeridir. 
  
     Hörmətli toplantı iştirakçıları,

     01 aprel 2017-ci il vəziyyətinə Xızı rayonu əhalisinin sayı 16568 nəfər təşkil edir.   Cari ilin birinci rübü  ərzində Xızı rayonu üzrə 15 doğum,  14  ölüm, 4 nikah, 2 nikahın pozulması, 1 atalığın müəyyən edilməsi,1 adın, ata adının və soyadın  dəyişdirilməsi və 2 doğum aktı qeydinin bərpa edilməsi faktı qeydə alınmışdır.  Ötən ilin hesabat dövrü ərzində 2 boşanma faktı qeydə alınsa da, cari ilin müvafiq dövründə boşanma faktı qeydə alınmamışdır. Nikahlardan 2-i Heydər Əliyev  Mərkəzində qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə döğulanların sayı 18 vahid (54,6%),  nikahların sayı 1 vahid (20%), ölənlərin sayı 5 vahid (26,3%), boşanmaların sayı 2 vahid (100%) azalmışdır. 2016-cı ilin birinci rübü ərzində körpə, uşaq və ana ölümü olmasa da cari ilin hesabat dövrü ərzində 1 uşaq ölümü faktı qeydə alınmışdır
     Rayonda İctimai-siyasi durum sabitdir. Rayonda yeganə partiya Yeni Azərbaycan Partiyası fəaliyyət göstərir. Hazırda YAP Xızı rayon təşkilatı  40 ərazi ilk partiya təşkilatı üzrə 1858 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onlardan 858 (46,18%) nəfərini qadınlar, 874 (47,04 %)  nəfərini  gənclər təşkil edir.    
    Rayon ərazisində digər partiyaların dayaq nöqtələri  mövcud deyildir. Rayonda  5 qeyri hökumət  təşkilatı, 9 ictimai təşkilat, 10 məscid (7-i fəaliyyət  göstərir) və 10 pir vardır. Rayon üzrə vəhabilik təriqətinə xidmət edən 3 ailə vardır. Bunlardan 2 ailə Giləzi qəsəbəsində, 1 ailə isə Sitalçay kəndində yaşayır ki, onların fəaliyyəti daim nəzarətdə saxlanılır. Digər dini icmalar mövcud deyil. Xızı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xızı” qəzeti nəşr olunur.   Rayon ərazisində 82 ailə, 325 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.  
     “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rüb ərzində  rayon ərazisində yeni yaradılmış müəssisə və təşkilatlarda 16, mövcud müəssisə və təşkilatlarda 40, fiziki şəxslərdə 75 olmaqla 197 daimi, digər tədbirlər üzrə isə 66 müvəqqəti iş yeri yaradılmışdır.
       2017-ci ilin birinci rübü ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 13  milyon 835 min 700 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 739 min 100 manat (5,9 %) coxdur. O cümlədən, kənd təsərrüfatı məhsulunun  həcmi  682 min 700 manat, yəni 7,3 % artaraq  9 milyon 987 min 100 manat, nəqliyat sektorunda əldə olunan gəlirlər 800 manat, yəni 0,5% artaraq 164 min manat, pərakəndə əmtəə dövriyyəsinin həcmi  53 min 900 manat, yəni 2,5 % artaraq 2 milyon 206 min 700 manat, informasiya və rabitə xidmətlərinin həcmi 600 manat, yəni 1,7%  artaraq 35 min 100 manat, sənaye məhsulunun həcmi 8 min 500 manat, yəni 0,9 % artaraq 940 min 200 manat, əsas kapitala yönəldilən investisiyaların həcmi 22 min 600 manat, yəni 4,7%  artaraq 502 min 600 manat olmuşdur. Ümumi məhsul buraxılışında  qeyri-dövlət sektorunun  xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 745 min 100 manat artaraq 12 milyon 234 min manat təşkil etmişdir.        
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə hesabat dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xızı rayonu üzrə 1 layihə üzrə cəmi 15 min manat güzəştli şərtlərlə kredit verilmişdir ki, həmin vəsaitlə görüləcək işlərin nəticəsində 1 yeni iş yerinin yaradılması imkanı yaranmışdır. 
    Rayonun kənd təsərrüfatında birtkiçilik və heyvandarlıq  əsas yer tutur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərindən buğda əkininin sahəsi 1222,9 hektar artaraq 1743 hektar, arpa əkininin sahəsi 1026,4 hektar artaraq 1532 hektar, yonca əkininin sahəsi isə 54 hektar artaraq 176 hektar təşkil etmişdir. Keşən hesabat dövründə qarğıdalı, kartof və tərəvəz əkini olmamış, cari ilin hesabat dövründə isə 5 hektarda qarğıdalı, 4 hektarda kartof, 116 hektar sahədə isə tərəvəz əkilmişdir.
     Rayonda  01 aprel 2017-ci il tarixinə 10 mn 28 baş iribuynuzlu (o cümlədən inək və camışlar 5201 baş), 78 min 297 baş xırdabuynuzlu heyvan, 120 baş donuz  olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynyzlu heyvanların sayı 85 baş, xırdabuynuzlu heyvanların sayı isə 27595 baş azalmışdır.
     “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli 401 nömrəli Qərarı ilə “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası” təsdiq edilmişdir. Qaydaya görə cari ilin 01 yanvar tarixindən etibarən süni yolla mayalandırılmış inək və düyələrdən alınmış buzovlara görə heyvan sahiblərinə yüz manat məbləğində subsidiya ödəniləcəkdir. Belə ki, 2017-cı ilin 3 ayı ərzində rayonda cəmi 111 baş iri buynuzlu mal-qara süni yolla mayalandırılmış, 24 baş buzov doğulmuş,yanvar ayında doğulmuş 11 baş buzova görə heyvan sahiblərinə 1100 manat vəsait verilmişdir.
      Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsi tərəfindən birinci  rüb ərzində məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə rüblük proqnoz tapşırığa 246,1 min manata qarşı 273,5 min manat, yəni,  111,% əməl edilib. O cümlədən büdcə təşkilatları üzrə 115,5 min manat proqnaza qarşı 124,3 min manat, yəni 107,6%, qeyri-büdcə təşkilatları üzrə 130,6 min manat proqnoza qarşı 149,2 min manat yəni 114,2% əməl edilib.
      Rüb ərzində hüquqi şəxslərdən 265 min manat vəsait toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,1 min manat az, fiziki şəxslərdən isə 8,2 min manat vəsait toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 min manat çox, mülkiyyətində istifadəyə yararlı torpaq sahəsi olan sosial sığorta ödəyicilərindən 0,3 min manat vəsait toplanıb ki, bu da ötən ilin müvafiq dövrünə bərabər olmuşdur. 
     Rüb ərzində qeydiyyatda 220 hüquqi, 540 fiziki və 774 mülkiyyətində istifadəyə yararlı torpaq sahəsi olan sosial sığorta ödəyicisi vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  146 fiziki şəxs və 77 torpaq payçısı çoxdur. Qeydiyyata alınmış 220 hüquqi şəxsdən 78-nin, 540 fiziki şəxsdən 83-nün, 774 torpaq payçılarından 80-nin fəaliyyəti olub və onlarla qarşılıqlı hesablaşma aparılır.
     Rayon üzrə 2017-ci il üçün 4 müəssisədə 11 kvota iş yeri müəyyənləşdirilmişdir ki, həmin yerlərin hamısı əlillər üçün nəzərdə tutulmuşdur. Rüb ərzində  qeydiyyata alınmış vətəndaşlar arasında  əlil olmamışdır.
     2017-ci ilin I rübü  ərzində  Xızı Rayon Məşğulluq Mərkəzində 122 nəfər vətəndaş işaxtaran kimi qeydiyyata alınmış, onlardan 70 nəfəri Mərkəzin vasitəçiliyi ilə rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatlarda daimi işlə  təmin olunmuşdur. Onların 4 nəfəri qadın, 22 nəfəri gənclər,  4 nəfəri isə məcburi köçkün və qaçqınlardır. 
      Hesabat dövründə 8 nəfər işaxtan vətəndaşa işsizlik statusu verilmiş və işsizlik müavinəti təyin olunmuşdur.  İşsizlik statusu verilmiş 8 nəfər işsiz vətəndaşdan 4 nəfəri qadın, 3 nəfəri gənclər, 2 nəfəri isə   qaçqın və məcburi köçkünlər olmuşdur.
    Sakinlərin elektrik, təbii qaz və içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı aidiyyəti müəssisələr tərəfindən rüb ərzində cari təmir işləri aparılmışdır. 
      2016-2017-ci  dərs  ilində  Xızı rayonunda 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb, 1 Uşaq Gənclər İdman məktəbi, 1 Uşaq Gənclər Şahmat məktəbi, 1 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində 2284  şagird  təhsil alır ki, onların təlim-tərbiyəsi ilə  249 müəllim məşğul olur.
     2016-2017-ci dərs ilində də rayonun ümumtəhsil müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlər davam etdirilmişdir.    
     “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya  Xızı məktəbliləri də  qoşulmuş,  mart ayının 23-də  rayon üzrə ümumtəhsil məktəblərinin IX-XI siniflərindən  təhsildə xüsusi ilə fərqlənən 40 nəfər şagird  Lənkəran-Masallı-Astara marşurutu üzrə keçirilən tur-aksiyada iştirak etmişlər. Layihənin keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasıdır ki, belə tur-aksiyalar məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından  xüsusi əhəmiyyət  kəsb edir.
    Xızı rayon  əhalisinə tibbi  xidmət 12 tibb müəssisəsi (Xızı  RMX-sı,  6 həkim məntəqəsi və  5 tibbi məntəqəsi.  ) tərəfindən göstərilir. Rayon üzrə Qarabulaq  və Xələncdə tibb məntəqəsi  yoxdur. Fındığan, Sitalçay və  Şuraabadda həkim məntəqələrində isə həkim yoxdur. Fındığan  həkim məntəqəsində ümumiyyətlə tibb işçisi yoxdur. Cəmi rayon üzrə tibb işçilərinin sayı 83 nəfər və onlardan  həkimlərin  sayı 26, orta tibb işcilərinin sayı 57 nəfərdir.Vakansiyaların sayı cəmi 32 dir, onlardan həkimlərin sayı 14, orta tibb işçilərinin sayı 18 nəfərdir.                        
     Cənab Prezidentin tapşırığına əsasən rayon üzrə müəssisələrdə, təşkilatlarda və yaşayış məntəqələrində əhalinin tibbi profilaktik müayinələri həyata keçirilmişdir və 15.02.2017 tarixindən 31.03.2017 tarixinədək profilaktik baxışdan keçənlərin cəmi sayı  5278 nəfər olmuşdur ki, onlardan aşkar olunan xəstələrin sayı 568 nəfər, aşkar olunan xəstələrdən ambulator müalicəyə  cəlb olunanların sayı  559 nəfərdir.
     Xızı rayonu üzrə 2016-cı ilin birinci rübü ərzində 18 nəfər çağırış yaşına çatmış gənc hərbi xidmətə yola salınmış və çağırış planı 100 % yerinə yetirilmişdir.  
      Hesabat dövrü ərzində Xızı rayon Polis şöbəsinin inzibati ərazisində 7 cinayət hadisəsi baş vermişdir. Ötən ilin müvafiq dövründə isə 11 cinayət hadisəsi qeydə alınmışdı. Rüb ərzində  1 oğurluq hadisəsi, 1 narkotik vasitələrin qanunsuz saxlanılması, 2 bədənə az ağır xəsarət yetirmə, 1 bədənə ağır xəsarət yetirmə hadisələri törədilmişdir ki, onların hər birinin açılması təmin edilmişdir. 
     2017-ci ilin birinci rübündə Xızı Rayon İcra Hakimiyyəti başçısının aparatına ümumilikdə 60 vətəndaş müraciəti daxil olmuşdur ki, bundan 56-ı ərizə,  3-ü şikayət, 1-i təklifdir. Daxil olan müraciətlərdən 18-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 2-i Azərbaycan Respublikasının Milli Məclisindən, 1-i Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, 4-ü Respublikanın digər təşkilatlarından daxil olan, 35-i isə bilavasitə Xızı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərdir. Şikayətlərin ümumi  sayı (3 vahid), Milli Məclisdən (2 vahid) və Nazirlər Kabinetindən (1 vahid)daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə  müqayisədə eyni olmuş,  müraciətlərin ümumi sayı 17 vahid, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan müraciətlərin sayı 9 vahid, birbaşa Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanan müraciətlərin sayı 9 vahid artmış, respublikanın digər təşkilatlarından daxil olan daxil olmuş müraciətlərin sayı 1 vahid azalmışdır.
      Daxil olan 60 müraciətdən 20-i həll edilmiş, 13-ü əsassız sayılmış, 26-ı barədə müvafiq izahat verilmiş, 1-i baxılmamış saxlanılmışdır. 
      Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikasının Milli Məclisindən  və Azərbaycan Respublikasının Nazirlər Kabinetindən daxil olan vətəndaş müraciətlərinə xüsusi nəzarətlə baxılmış, hər bir müraciətə qanunla müəyyən edilmiş müddətdə və formada baxılaraq müraciət sahiblərinə rəsmi cavablar verilmişdir.     
       Hesabat dövrü ərzində  18 nəfər Rayon İcra Hakimiyyəti başçısının aparatında qəbul edilmiş, yerlərdə 9 səyyar görüş-qəbul keçirilmişdir ki, qəbullarda iştirak edən 430 nəfər sakindən RİH başçısına müraciət edənlərin sayı 13  nəfər olmuşdur. 

      Hörmətli toplantı iştirakçıları,

     Yekun nitqində  ilin sonuna qədər ölkə qarşısında duran bütün vəzifələrin icra ediləcəyinə, Azərbaycanın uğurlu inkişaf yoluna davam edəcəyinə şübhə etmədiyini bir daha qeyd edən dövlət başçımız, qarşıda duran növbəti vəzifələri açıqlamışdır. Bu vəzifələri diqqətinizə çatdırıram:
   1. Önəmli məsələlərdən biri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, süni qiymət artımına yol verilməməsi, istehlak qiymətlərinin daim nəzarət altında saxlanılması;
   2. Sənaye istehsalı və kənd təsərrüfatının əsas prioritet istiqamət kimi diqqətdə saxlanılması, hər bir rayonda sənaye zonasının tikilməsi;
   3. “SOCAR Polymer”in işə düşməsindən sonra bir çox hazır məhsul əsasında zavod və fabriklərin yaradılması;
   4. Kənd təsərrüfatı məhsullarının həcminin artırılaraq daxili tələbatın tam təmin edilməsi, ixracyönümlü məhsulların həcminin artırılması, məhsuldarlığın yüksəldilməsi, ən müasir texnologiyaların tətbiq olunması, torpaqların dəqiq uçotunun aparılması, torpaqların müasir üsullarla dəqiq təhlilinin aparılması, torpaqların keyfiyyəti haqqında müfəssəl məlumatların hazırlanması;
   5. 2017-ci ildə kənd təsərrüfatının inkişafında mühüm rol oynayan iki zavodun - pivot suvarma sistemləri və pestisid zavodlarının istifadəyə verilməsi,  2018-ci ildə  isə azot gübrəsi zavodunun istifadəyə verilməsi;
   6. Qeyri-neft sektorunun istehsal etdiyi malların ixracının təşkil edilməsi;
   7. Kənd təsərrüfatının inkişafı ilə paralel şəkildə il ərzində əhaliyə, eyni zamanda  kənd təsərrüfatının inkişafına da xidmət göstərən infrastruktur layihələrinin icrasına diqqət yetirilməsi,elektrik enerjisi ilə təminatın diqqət mərkəzində saxlanılması;
   8. Azərbaycanda qazlaşdırmanın davam etdirilməsi, içməli su layihələrinin nəzərdə tutulan investisiya həcmində tam icra edilməsi, eyni zamanda, əhalinin təmiz içməli su ilə təmin edilməsi üçün təmizləyici qurğuların quraşdırılması;
   9. Kənd yolları layihələrinin icrasının davam etdirilməsi;
  10. Sosial infrastruktur layihələrinin icrası istiqamətində tədbirlərin davam etdirilməsi;
   11. Bölgələrdə məşğulluğun artırılmasının daim diqqət mərkəzində saxlanılması, özünüməşğulluq proqramına xüsusi diqqətin yetirilməsi;
   12. Xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal işin aparılması, dövlət orqanları, eləcə də yerli icra orqanları tərəfindən həm yerli, həm də xarici iş adamlarını maraqlandırmaqla sərmayələrin cəlb edilməsi;
   13. Büdcə təşkilatlarının istifadə etdikləri elektrik enerjisinin dəyərinin yüz faiz ödənilməsinin təmin edilməsi;
   14. Meliorasiya-irriqasiya tədbirlərinin icrasının davam etdirilməsi;
   15.Sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi, bunun əsasında iri fermer təsərrüfatlarının və “Aqropark”ların yaradılması prosesinin davam etdirilməsi;
   16. Kənd təsərrüfatının inkişafının və ərzaq təhlükəsizliyinin  prioritet olaraq saxlanılması,  kənd təsərrüfatı məhsullarının ixracının daha da sürətləndirilməsi;  
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan bütün bu vəzifələrin icra edilməsi üçün bu il hər birimiz  gərgin işləməliyik. Çalışmalıyıq ki, rayonumuzun iqtisadiyyatını inkişaf etdirərək Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəmizi verək və  sakinlərimizin daha da yaxşı yaşamasını təmin edək.
   İcazə verin sonda rayon əhalisi adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarını əmin edim ki, biz Xızı ictimaiyyəti olaraq bundan sonra da dövlətimizin inkişafı naminə səylərimizi daha da artıracaq, ölkə başçımızın qarşımızda qoyduğu vəzifə və tapşırıqların tam həllinə uğurla nail olacağıq.

        Xızı Rayon İcra
Hakimiyyətinin başçısı:                                                Xəzər Aslanov

Keçidlər