8 noyabr Zəfər Günü Xızı rayonunda böyük coşqu ilə qeyd olunub.
2020-ci il sentyabr ayının 27-də başlanan Vətən Müharibəsi 44 gün ərzində şanlı qələbələrlə davam etdi. Hərb yolu ilə torpaqlarımızın böyük hissəsi azad olundu. Noyabr ayının 8-də Şuşa şəhərinin azad olunması, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbayvan Ordusunun əsgər və zabitlərinin rəşadəti ilə həyata keçirildi. Bununla bağlı Prezident İlham Əliyev dekabrın 3-də Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.
Bu ildə noyabr ayının 8-də Respublikanın hər yerində olduğu kimi Xızı rayonunda da Zəfər Günü münasibəti ilə silsilə tədbirlər həyata keçirildi. İlk öncə Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, şəhid ailələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Xızı rayon təşkilatı, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri Xızı şəhərinin mərkəzindən Şəhidlər abidə kompleksinin qarşısınadək yürüş keçirilmiş, yürüş iştirakçıları abidənin önünə tər çiçəklər düzmüş, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra Heydər Əliyev Mərkəzinin qarşısında 8 noyabr Zəfər Günü münasibəti ilə tədbir keçirilmişdir. Bayram tədbirində vətənpərvərlik ruhunda yazılmış mahnılar səsləndirilmiş, konsert tədbir iştirakçıları tərəfindən yüksək coşqu ilə qarşılanmışdır.
Daha sonra rayonun yaşayış məntəqələrində şəhidlərimizin məzarları ziyarət olunmuş, əziz xatirələri ehtiramla yad edilmişdir.