Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

26 aprel 2018 | 16:00

   Tədbiri giriş nitqi ilə açıq elan edən Xızı rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanova qeyd etdi ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.  Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub.Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.

Daha sonra çıxış üçün söz RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tünzalə İmranovaya verildi. O, öz çıxışında bildirdi ki, Zərifə xanım Əliyevanın timsalında ilk öncə ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır. Hesab edirəm ki, Zərifə Əliyevanın bu obrazı, siması, keçdiyi həyat yolu  bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. Buna görə də, Onun şəxsiyyəti, həyatı, keçdiyi yol daha geniş təbliğ olunmalıdır ki, bugünkü xanımlarımız nümunə götürsünlər. Həqiqətən də, Zərifə xanım davranışı, həyat tərzi, insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə, həkim kimi xəstələrə münasibəti baxımından insanlığın parlaq siması kimi dəyərləndirilməlidir. Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub.  Bu gün Onun yetişdirdiyi kadrlar da insanlara sağlamlıq bəxş edir. Bütün bunlarla yanaşı, Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də qadınlar üçün nümunədir. Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq elə də asan məsələ deyildi. Məsəl var, hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Zərifə xanım da ailədə Ümummilli liderimiz Heydər Əliyevin güclü dayağı olub. Eyni zamanda, onların arasında böyük, saf məhəbbət yaşanıb. Bu barədə Ulu öndərimiz Özünün xatirələrində də danışırdı ki, heç bir çətinlik Zərifə Əliyeva ilə  olan məhəbbətinə mane ola bilməyib. Biz Heydər Əliyevin necə polad iradəli şəxs olduğunu yaxşı bilirik. Amma O, təkcə Zərifə xanımın məzarı önündə kövrəlmişdi. Əlbəttə ki, bu, Zərifə xanımın Heydər Əliyevin həyatındakı  rolundan irəli gəlir.Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, həmçinin, gözəl insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə, tibb işçilərinin hazırlanmasında böyük əmək sərf edib. Onun əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə, elm sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır. Zərifə xanım Əliyevanın çox müsbət aurası var idi. Səhiyyə tariximizdə müstəsna yeri olan Zərifə xanım oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları olub. O, tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb.olduqca böyük idi. Onun bu sahədə xidmətləri, fəaliyyəti qiymətləndirildi və Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusi vurğulamaq istəyirəm ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.

Çıxış edən Rayon Mərkəzi Xəstəxanasının həkim oftalmoloqu Könül Feyziyeva qeyd etdi ki, 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu itirməmişdir. Alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti" və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib.

Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin "Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q. Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər.

Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib.

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək , hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir".

Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin "sözlə" müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmannasızlıq təşkil edir.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır.
Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: "Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü.Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Tədbirin sonunda Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş film nümayiş olunmuşdur.

 

Keçidlər