Xızı rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Xızı rayon Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev hesabat məruzəsində 2017-2018-ci tədris ilində əldə olunan nailiyyətlər, perspektivlər və təhsilin inkişafı istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, 2017-2018-ci -ci tədris ili keyfiyyətin artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi ilə yaddaqalan olub. O.Abdullayev çıxışında Xızı RTŞ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin 2018-2019-cu tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini bildirib. Təhsil Şöbəsinin müdiri ötən dərs ili ərzində əldə olunan nailiyyətlərin müqayisəli təhsilini aparıb, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işləri diqqətə çatdırıb.
O.Abdullayev bildirib ki, bu il Azərbaycanın tədris sistemində keyfiyyət ilinin təmin olunması ilə bağlı həyata keçiriləcək tədbirlərlə əlaqədar Təhsil Nazirliyi tədbirlər planı təsdiq edib. Fəaliyyət planında təhsilin bütün əsas istiqamətləri, məktəb idarəetməsində ən müasir texnologiyalardan, yanaşmalardan istifadə, təmayülləşmə, məktəblərdə mütəmadi olaraq şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, kadr təminatı, məktəb mühitinin yaxşılaşdırılması, məktəb sənədləri ilə iş və keyfiyyətə təsir edən digər sahələr üzrə işlərin görülməsi nəzərdə tutulur. Xızı RTŞ həmin fəaliyyət planı əsasında il ərzində məktəblərin fəaliyyətini istiqamətləndirəcək.
Konfransda çıxış edən Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Qarşıda gələn Bilik günü münasibətilə təhsil işçilərini təbrik edən Əsgər Quliyev bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb.