Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xızı rayonunda vətəndaşları qəbul edib.
27.01.2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xızı rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Xızı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Xızı və Siyəzən rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbulda iştirak edən vətəndaşlar əsasən ailə məsələlərinə dair hüquqi dəstək, nikaha xitam verildikdən sonra uşaqlarla ünsiyyətin qurulması, çətin tərbiyə olunan uşaqların müəssisəyə yerləşdirilməsi və bir sıra digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.