“İşıqlı yolun davamçısı– Zərifə xanım Əliyeva” adlı tədbir keçirilmişdir.
28 aprel 2026-cı il tarixində Xızı Rayon İcra Hakimiyyətinin, YAP Xızı rayon Təşkilatının, Abşeron – Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin və Xızı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Xızı Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında “İşıqlı yolun davamçısı– Zərifə xanım Əliyeva” adlı tədbir keçirilmişdir. Tədbirdə idarə və müəssisələrin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.Tədbiri giriş nitqi ilə açan Xızı RİHBA-nın Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat sektorunun müdiri Abdulla Hüseynov çıxışında Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu, əhatəli elmi fəaliyyəti, oftalmologiya elminin inkişafına həsr etdiyi çoxprofilli tədqiqatlar və yazdığı yüzlərlə dəyərli elmi-tədqiqat işləri haqqında əhatəli məlumat vermişdir. O, Zərifə Əliyevanın, eyni zamanda, görkəmli ictimai xadim kimi fəaliyyətindən bəhs edərək bildirmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı kimi Zərifə xanım Əliyeva Ulu Öndərin Azərbaycanın inkişafı sahəsindəki qətiyyətli mübarizəsində ona arxa-dayaq olmuş, övladlarını vətənin layiqli övladları və öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirmişdir.
Tədbirdə Yap Xızı rayon Təşkilatının sədr müavini Ümman Rüstəmlinin, “Xızı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin həkim-otalmoloqu Elnarə Cümşüdlünün, Xızı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Tünzalə İmranovanın və Xızı Rayon Heydər Əliyev Mərkəzinin direktor müavini Anar Mahmudlunun çıxışı dinlənilib. Qeyd olunub ki, Zərifə Əliyeva Azərbaycanda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verib, oftalmologiya sahəsində elmi məktəb yaradıb, onun peşəkar həkimlik fəaliyyəti və təklif etdiyi yeni müalicə üsulları sayəsində on minlərlə insanın görmə qabiliyyəti bərpa olunub, minlərlə insan traxoma xəstəliyindən xilas edilib. Görkəmli alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi tarixə düşüb. O, yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsi öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb.
Sonda Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən “Zərifə xanım xatirələrdə” adlı video nümayiş etdirildi.






