“Məişət Zorakılığına Qarşı Mübarizə, Sağlam Gəncliyin Təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
24 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə Xızı rayon sektorunun və Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin birgə təşkilatçılığı ilə R.İsmayilov adına Xızı şəhər tam orta məktəbində “Məişət Zorakılığına Qarşı Mübarizə, Sağlam Gəncliyin Təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə Xızı rayon sektorunun əməkdaşları və Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Tünzalə İmranova açaraq bildirdi ki, məişət zorakılığına hər bir insan məruz qala bilər, amma dünya təcrübəsi göstərir ki, əsasən qadınlar və qız uşaqları məişət zorakılığının qurbanı olur. Onların məişətdə qarşılaşdığı zorakılıq həm ləyaqətin alçaldılmasıdır, həm də gender bərabərsizliyi problemidir. Bütün dünyada məhz qadın olduğuna, kişi ilə bərabər hüquqlu sayılmadığına görə döyülən, psixoloji təzyiqə məruz qalan, sosial-iqtisadi, mülki və siyasi hüquqları pozulan, hətta həyatını itirən qadınların sayı bu problemin olduqca ciddi olduğunu göstərir. Qadınlara qarşı ayrı-seçkilik və zorakılıq bir cox beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının mübarizə apardığı əsas məsələlərdən biridir. Əlavə olaraq qeyd etdi ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi kişilərin və bilavasitə uşaqların da məişət zorakılığının qurbanı ola biləcəyini təsdiq edir.
Daha sonra Məişət zorakılığı nədir, məişət zorakılığının növləri və məişət zorakılığı qurbanlarının hüquqları, erkən nikahın doğurduğu fəsadlar, məişət zorakılığının uşaqların psixoloji və sosial inkişafına təsiri və sağlam gəncliyin təməli yarımbaşlıqda çıxışlar dinlənilərək müzakirələr aparılmışdır.






