“Milli Qurtuluşda Zəfərə doğru” mövzusunda tədbir keçirilib.
13 iyun 2023-cü il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzində Xızı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə “Milli Qurtuluşda Zəfərə doğru” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar, rayon gəncləri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-Dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov hər il böyük təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyun gününü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir hadisə adlandırdı. Ulu Öndər Heydər Əliyevin 15 iyun tarixində yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoyub. Ümummilli Lider Heydər Əliyev ən mürəkkəb zamanlarda və taleyüklü məqamlarda daima xalqını və dövlətini düşünərək bütün sınaqlardan uğurla çıxarıb və Azərbaycanın tərəqqisini, müstəqilliyini təmin edib.
Abdulla Hüseynov vurğuladı ki, Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummili mənafelər çərçivəsində bir araya gəlməsi üçün fundamental baza rolunu oynayıb. Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intelektual səviyyəsi ilə bütün müsəlman şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin nəticəsidir.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyatı, Azərbaycanı dünya miqyasında öz layiqli yerini tutmuş, böyük iqtisadi potensiala malik bir ölkəyə çevirməsi yolunda sarsılmaz fəaliyyətindən, hazırda onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atan Azərbaycan Respublikasının getdicə sürətlənən sosial-iqtisadi inkişafı, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə davamlı olaraq artan uğurlarından bəhs edən geniş çıxışlar dinlənildi.
Sonda müstəqil dövlətçiliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirildi.






