Şriftin ölçüsü :

Saytın rəngi :

“Qərbi Azərbaycan İrsi”  kitabının I cildinin təqdimetmə mərasimi keçirilib.

17 iyul 2025 | 16:17

     17 iyul 2025 - ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində  Xızı rayonunda Xızı Rayon İcra Hakimiyyətinin  və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə  “Qərbi Azərbaycan İrsi”  kitabının I cildinin təqdimetmə mərasimi keçirilib. Xızı Rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Millət  vəkili  İlham Məmmədov, Xızı Rayon Ağsaqqallar şurasının sədri Fərrux Haqverdiyev,  idarə,  təşkilat rəhbərləri  və rayon ictimaiyyətinin nümayəndələri  iştirak edib.

      Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək  Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

      Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

       Daha sonra  “Qərbi Azərbaycan İrsi Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının 1- ci cildinə dair sənədli videoçarx nümayiş olunub.

     Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov  bildirdi ki, bu kitab təkcə bir nəşr deyil – bu yaddaşımızın dirçəlişi, köklərimizə dönüş və tarixi ədalətin bərpası yolunda atılmış mühüm addımdır. Azərbaycan Dövləti bu gün Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yolunda böyük işlər görür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan İcmasının fəaliyyəti genişlənir,bu istiqamətdə beynəlxalq səviyyədə təqdimatlar, simpoziumlar, kitablar hazırlanır. Bu kitab da həmin fəaliyyətin parlaq nümunələrindən biridir. O, qeyd etdi ki, İnanırıq ki, “Qərbi Azərbaycan İrsi” kitabı həm elmi  dairələr, həm də geniş ictimaiyyət üçün dəyərli mənbə olacaq,  vətənpərvərlik hissinin  güclənməsinə,  milli yaddaşın qorunmasına və tarixi ədalətin bərpasına öz töhfəsini verəcəkdir.

    Digər çıxış edənlər kitab haqqında geniş məlumat verərək bildirdilər ki, İrəvan,Göyçə, Zəngəzur,Dərələyəz, Ağbaba,Basarkeçər və digər bölgələr  bizim tarixi- mədəni  varlığımızın bir parçasıdır. Təəssüf ki, 20-ci əsrin əvvəllərindən etibarən sistemli şəkildə həyata keçirilən deportasiyalar nəticəsində yüz minlərlə soydaşımız ata-baba yurdlarından qovulmuş, mədəni  irsimiz isə ya dağdıdılmış ya da mənimsənilmişdir.  Lakin bu kitab sübut edir ki,mədəniyyətin yaddaşı silinməzdir.

      Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkilib.

Keçidlər