“Tarix Yazan Şəxsiyyət - Heydər Əliyev” adlı tədbir keçirilib.
Xızı Rayon İcra Hakimiyyəti və YAP Xızı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Tarix Yazan Şəxsiyyət - Heydər Əliyev” adlı tədbir keçirilib.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, idarə,müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Ümummilli Liderə həsr olunmuş videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov bildirib ki, Heydər Əliyev Azərbaycan tarixində müstəsna rol oynamış dahi şəxsiyyətdir. Onun siyasi iradəsi nəticəsində ölkəmiz müstəqilliyini möhkəmləndirib, beynəlxalq aləmdə layiqli mövqe qazanıb. Qeyd olunub ki, Heydər Əliyev yalnız siyasi lider deyil, həm də müasir Azərbaycanın memarıdır. Onun uzaqgörən siyasəti nəticəsində ölkə parçalanma və tənəzzül təhlükəsindən xilas olaraq sabit inkişaf yoluna qədəm qoyub.
Çıxış zamanı vurğulanıb ki, bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan regionun güclü dövlətlərindən biri kimi beynəlxalq layihələr həyata keçirir, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparır. “Böyük Qayıdış” proqramı çərçivəsində reallaşdırılan layihələr ölkənin inkişaf potensialını bir daha nümayiş etdirir.
Bildirilib ki, əldə olunan bütün uğurların ideoloji və strateji əsası məhz Heydər Əliyev tərəfindən qoyulub və bu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü tam bərpa edərək dövlətçilik tarixində yeni mərhələyə qədəm qoyub.
Tədbirdə çıxış edən Xızı rayonu Yeni Yaşma kənd tam orta məktəbinin direktoru Tural Fərəcov Ümummilli Liderin milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyev tərəfindən dövlət siyasətinin əsas xəttinə çevrilib. Onun müəyyən etdiyi siyasi və iqtisadi inkişaf strategiyası Azərbaycanın bugünkü gücünün əsasını təşkil edir. Neft strategiyası və beynəlxalq layihələr isə ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirib.
Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin müəllimi Amiyət Şirinova çıxışında Ulu Öndərin milli özünüdərkin gücləndirilməsi və tarixi yaddaşın bərpası istiqamətində gördüyü işlərdən bəhs edib, təhsil və elm sahəsində Azərbaycanın qazandığı uğurları vurğulayıb.
YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev yekun nitqində Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu mühüm ideoloji dəyərlərin əhəmiyyətini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Xızı rayonu Giləzi qəsəbə sakini Ravil Novruzov ölümündən sonra “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif olunub. Ehtiyatda olan baş gizir Akif Quliyev isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Sonda bir qrup YAP fəalına Fəxri Fərman təqdim olunub.






