Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş  “Vətənə, Xalqa Həsr Edilən Ömür” adlı tədbir keçirilib.

11 dekabr 2025 | 15:34

11 dekabr 2025-ci il tarixdə Xızı Rayon Heydər Əliyev Mərkəzində  “Konstitusiya və suverenlik İli” çərçivəsində Xızı rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xızı rayon Təşkilatının və Qərbi Azərbaycan İcmasının Xızı rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş  “Vətənə, Xalqa Həsr Edilən Ömür” adlı tədbir keçirilib.

       Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov, Qərbi Azərbaycan İcmasının Xızı rayonu üzrə nümayəndəsi Nayim Əliyev, Yeni Azərbaycan Partiyası Xızı rayon Təşkilatının sədr müavini Ümman Rüstəmli, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayonu üzrə gənclərlə iş sektorunun müdiri Nadir Məmmədov,  rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ziyalılar və gənclər iştirak edib.

      Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü  uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

        Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-Dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov bildirdi ki, xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi dərin hüzn və minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

        Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının sədr müavini Ümman Rüstəmli qeyd etdi ki, Ulu öndər Heydər Əliyev göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.

        Qərbi Azərbaycan İcmasının Xızı rayonu üzrə nümayəndəsi Nayim Əliyev öz çıxışında vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Dahi rəhbərin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində Ulu Öndərin bu arzusu real həllini tapdı. İşğalçı erməni qüvvələri üzərində qazanılan tarixi Zəfər qələbəsi ilə xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün qələbəmizin təntənəsi olaraq üçrəngli bayrağımız Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanır.

       Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayonu üzrə gənclərlə iş sektorunun əməkdaşı Abdulla Abasov Ulu Öndər Heydər Əliyevin gənclər sahəsində gördüyü işlərdən, həmçinin Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlarda onun misilsiz xidmətlərindən bəhs etdi.

       Çıxışlardan sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş video çarx nümayiş edildi.

       Tədbirin sonunda Ulu Öndərin Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib.

 

Keçidlər