Xızı Rayon İcra Hakimiyyəti də qardaş Türkiyə Cümhuriyyətində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına qoşuldu.
6 fevral 2023-cü il tarixində Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələri bütün Azərbaycan xalqını sarsıtdı. Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. Azərbaycan dövləti zəlzələdən dərhal sonra bu ağır fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlaması, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirməsi, eləcə də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir. Dövlət başçımızın da söylədiyi kimi: “Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik. Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan məhz Azərbaycan oldu. Bundan başqa cür də ola bilməzdi. Çünki Azərbaycan və Türkiyə iki dost, qardaş, canı, qanı bir ölkələrdir”.
Prezident İlham Əliyevin göstərişinə əsasən faciə baş verdiyi andan etibarən indiyə qədər FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Bundan əlavə 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyət və Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən zəlzələdən əziyyət çəkən yaralılara yardım göstərilməsi məqsədilə Türkiyəyə ezam olunub. Çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan ilk xüsusi təyyarə 9 fevral tarixində Qaziantepə çatmış, bu gün isə müxtəlif dərman preparatları, oksigen maskaları, ilkin yardım boyunluqları və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlardan ibarət humanitar yardımlar hava və quru yolu ilə çatdırılıb və çatdırılmaqda davam edir. Dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, vətəndaş cəmiyyəti institutları da bu prosesə töhfə verməyə çalışırlar. Azərbaycanın ən böyük şirkəti SOCAR-ın Türkiyədə olan bütün yanacaqdoldurma məntəqələri xilasetm işlərində iştirak edən nəqliyyat vasitələrini pulsuz yanacaqla təmin etmək üçün fəaliyyətə başlayıb. Zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər tərəfindeən yaradılmış “Qardaş köməyı” platforması vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.
Ölkəmizin müxtəlif bölgələrindən Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə kompaniya başlanıb. Sərt hava şəraitinə baxmayaraq yardım toplama məntəqələrinə axın edən insanlar öz köməkliklərini əsirgəmirlər. Eyni zamanda, ölkənin ali təhsil müəsisələrində, ümumtəhsil müəsisələrində zərərməkmişlərə humanitar yardım məqsədi ilə aksiyalar keçirilir. Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Azərbaycan xalqının göstərdiyi dəstək həm də iki xalqı bir-birinə bağlayan tellərin kifayət qədər möhkəm olduğuna dair dünyaya önəmli mesaj verir. İnanırıq ki, tarixin və zamanın ən sərt sınaqlarından keçən, qardaş Türkiyə bu çətinliyə də ləyaqətlə sinə gərəcək, əsrlərin sınağından kecən qardaşlığımız daha da möhkəmlənəcəkdir.
Təbii fəlakətin baş verməsindən dərhal sonra ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirmək və bu acı faciənin fəsadlarının aradan qaldırılmasına kömək etmək məqsədilə Xızı Rayon İcra Hakimiyyəti də qardaş Türkiyə Cümhuriyyətində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına qoşularaq bu çətin günlərdə Türkiyə xalqının yanında olduğunu nümayiş etdirmişdir.