Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı Rayon İcra Hakimiyyətində “fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar” müşavirə keçirilib

22 iyul 2026 | 15:47

"Fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilib.

    Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Arzu Əzizov, FHN-nin Sumqayıt Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rafiq Həsənov Fövqəladə Hallar Nazirliyinin müvafiq yerli strukturlarının,  eləcə də Xızı rayonunda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli icra və özünüidarəetmə orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

     Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Arzu Əzizov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar yerli icra hakimiyyəti ilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb.

     FHN Sumqayıt Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rafiq Həsənov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin hazırki vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

     Tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.

      Müşavirədə çıxış edən digər natiqlər tərəfindən maarifləndirmə və monitorinqlərdən, yanğınların başvermə səbəbləri və nəticələrindən, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlərdən və mövcud problemlərdən bəhs olunub, təhlükə potensiallı qurğu və avadanlıqların təhlükəsiz istismarı qaydaları, tikintiyə dövlət nəzarətinin təşkili və digər məsələlərdən söz açılıb.

     İnteraktiv müzakirələr fonunda davam edən müşavirədə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib,  geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Keçidlər