Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, YAP Xızı Rayon təşkilatının sabiq sədri Fərrux Haqverdiyev və rayon Ağsaqqalar Şurasının sədri Arif Nağıyev Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edildi
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olmuşdur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalamışdır.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı ölkənin siyasi, mədəni, elmi, ictimai həyatında müstəsna rola malik bir sıra dövlət xadimləri Heydər Əliyev medalı ilə təltif olunmuşdur. Ölkənin bütün regionlarını əhatə edən təltif olunma mərasimi Xızı rayonunda da keçirilmişdir. Uzun müddət rayonumuza xidmət edən və onun inkişafında, abadlaşdırılmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rola malik olan Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, YAP Xızı Rayon təşkilatının sabiq sədri Fərrux Haqverdiyev və uzun müddət elm-təhsil sahəsində fəaliyyət göstərmiş, hal-hazırda Xızı rayon Ağsaqqalar Şurasının sədri olan Arif Nağıyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Medalı Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov təqdim edib.
Mərasimdə çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov bildirdi ki, ölkə rəhbərliyi tərəfindən təltif edilməyin böyük mənəvi və siyasi əhəmiyyəti vardır. Ulu öndər Heydər Əliyevin adına olan bu medalı daşımağın məsuliyyətindən bəhs edərək cənab Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi. O qeyd etdi ki, göstərilən bu etimad, onun üzərinə həm də çox böyük məsuliyyət qoyur, bu, tək ona yox, bütövlükdə Xızı rayonuna verilən dəyərdir. “Göstərilən etimadı bundan sonra da doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik” – deyə o, əlavə etdi.
Çıxışlardan sonra Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov medalı sahiblərinə təqdim etdi.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilənlər bu yüksək diqqətə görə möhtərəm cənab Prezidentə öz təşəkkürlərini bildirdilər.