Xızı rayonu M.A. Dadaşzadə adına Şorabad qəsəbə və M. Müşfiq adına Giləzi qəsəbə tam orta məktəblərində “İnsan hüquqları” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmiş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə hər il 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilir.
Bununla əlaqədar 03 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Xızı Rayon Polis şöbəsinin, Xızı Rayon Gənclər və İdman İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşlarının iştirakı ilə Xızı rayonu M. A. Dadaşzadə adına Şorabad və M. Müşfiq adına Giləzi qəsəbə tam orta məktəblərində 9, 10 və 11-ci sinif şagirdləri ilə “İnsan hüquqları” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.
Tədbirlərdə insan hüquq və azadlıqları mövzusunda geniş məruzələr dinlənilmiş, tədbir iştirakçıları ilə söhbət-disputlar aparılmışdır.