Xızı rayonunda “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.
13 iyun 2023-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib. Tədbirin rəsmi hissəsindən öncə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Xızı Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri,ziyalılar, rayon gəncləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov hər il böyük təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyun gününü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir hadisə adlandırdı. Ulu Öndər Heydər Əliyevin 15 iyun tarixində yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoyub. Ümummilli Lider Heydər Əliyev ən mürəkkəb zamanlarda və taleyüklü məqamlarda daima xalqını və dövlətini düşünərək bütün sınaqlardan uğurla çıxarıb və Azərbaycanın tərəqqisini, müstəqilliyini təmin edib.
Xəzər Aslanov vurğuladı ki, Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummili mənafelər çərçivəsində bir araya gəlməsi üçün fundamental baza rolunu oynayıb. Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intelektual səviyyəsi ilə bütün müsəlman şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin nəticəsidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Xızı rayonu üzrə Maliyyə şöbəsinin müdiri İndira Şəmsivari, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Mönsüm Bağırov çıxış etdi. Bildirildi ki,bugünkü Müstəqil Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır. Ulu Öndər Heydər Əliyevin həyatı, Azərbaycanı dünya miqyasında öz layiqli yerini tutmuş, böyük iqtisadi potensiala malik bir ölkəyə çevirməsi yolunda sarsılmaz fəaliyyətindən, hazırda onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atan Azərbaycan Respublikasının getdicə sürətlənən sosial-iqtisadi inkişafı, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə davamlı olaraq artan uğurlarından bəhs edən geniş çıxışlar dinlənildi.
Sonda müstəqil dövlətçiliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirildi.