Xızı rayonunda 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
17 noyabr 2026 | 12:40
17 Noyabr tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə, Xızı Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının Xızı rayon nümayəndəliyinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “17 Noyabr – Azadlıq Mübarizəsindən Zəfərə” adlı tədbir keçirilib. Tədbirdə idarə və təşkilatların əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü və suverenliyimizin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Abdulla Hüseynov 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycan xalqının milli oyanış tarixində mühüm yer tutduğunu, 1988-ci ilin noyabrında Bakıda başlayan ümumxalq hərəkatının xalqımızın azadlıq və müstəqillik arzularının ifadəsinə çevrildiyini vurğulayıb. O, həmin tarixi hadisələrin milli birlik və həmrəyliyin güclənməsində, dövlət müstəqilliyimizin bərpasına aparan yolda mühüm rol oynadığını qeyd edib. Eyni zamanda, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən və xalqımızın qazandığı şanlı Zəfərdən bəhs edərək bu əlamətdar günün xalqımızın milli iradəsini, azadlıq düşüncəsini və dövlətçilik ənənələrini əks etdirdiyini vurğulayıblar. Bildirilib ki, dövlət müstəqilliyimiz xalqımızın böyük tarixi mübarizəsinin nəticəsidir və onun qorunub saxlanılması hər bir nəslin məsuliyyətidir.






