Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir keçirilib.

17 yanvar 2025 | 16:25

    17 yanvar 2025-ci il tarixində Xızı Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xızı Rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir təşkil olunub.

    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk öncə, 20 Yanvar şəhidlərinin, eləcə də, Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 35 il ötdüyünü qeyd edərək bildirdi ki, həmin gün Azərbaycan xalqı azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qırıla bilinməyəcəyini, xalqımızın yenilməz, məğrur olduğunu bir daha dünyaya göstərdi. 44 günlük Vətən müharibəsi şəhidlərinin, eləcə də azadlıq yolunda canlarını qurban verən 20 Yanvar şəhidlərinin qisaslarının alındığını, ruhlarının rahatlıq tapdığını bildirən  A.Hüseynov əldə etdiyimiz Şanlı Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, canlarından keçərək qanları ilə dastan yazan şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdar və borclu olduğumuzu da diqqətə çatdırdı.

   Tədbirdə 1990-cı ildə yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri tərəfindən Bakı şəhərində müstəqil dövlət yaratmaq arzusu ilə dinc əhaliyə qarşı törədilmiş misli görünməmiş qətliamın, bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş bu dəhşətli terrorun təfərrüatları və ağır nəticələrindən, bugünkü və gələcək nəsillər üçün örnək olan şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edən çıxışlar dinlənilib.

    Sonda 20 yanvar faciəsini özündə əsk etdirən film nümayiş etdirilib.

Keçidlər