Xızı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
14 yanvar 2026-cı il tarixdə Xızı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbir iştirakçıları Xızı şəhər Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, RİH başçısının müavini Arzu Əzizov, Millət vəkili Müşfiq Məmmədli, YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağında 2025-ci ildə Xızı rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov tərəfindən geniş və əhatəli məruzə ilə çıxış edilib. Məruzədə ötən il ərzində rayonda sosial-iqtisadi inkişafın əsas göstəriciləri, icra olunmuş infrastruktur layihələri, kənd təsərrüfatı, əhalinin məşğulluğu, eləcə də təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirilmiş tədbirlər ətraflı şəkildə təhlil olunub, əldə olunan nəticələr və mövcud problemlər diqqətə çatdırılmışdır. Eyni zamanda iştirakçıların diqqətinə çatdırılmışdır ki, cənab Prezidentin müsahibəsində xüsusi vurğulandığı kimi, əsas məqsəd iqtisadi inkişafı insanların rifahının yüksəldilməsinə yönəltməkdir. Bu baxımdan, rayonda infrastrukturun yenilənməsi, sosial obyektlərin fəaliyyəti, əhalinin gündəlik problemlərinin həlli daim diqqət mərkəzində saxlanılmışdır.
Əminliklə deyə bilərik ki, görülən işlər Xızı rayonunun sosial-iqtisadi inkişafına mühüm töhfə vermiş, rayonun gələcək inkişafı üçün möhkəm əsaslar yaratmışdır. Qarşıdakı dövrdə də dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq, bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdiriləcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, ümumilikdə Azərbaycanın sosial-iqtisadi inkişafı, sabitlik və firavanlıq məsələləri barədə fikirlərini bölüşmüşdür.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli isə çıxışında Xızı rayonunun inkişaf perspektivlərinə toxunaraq səhiyyə sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə danışmışdır.
Hesabat yığıncağında, həmçinin Xızı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Bəhdaş Nəbiyev, Sumqayıt Regional Qaz İstismarı İdarəsinin Xızı Xidmət Sahəsi üzrə rəis müavini Pərviz Fətiyev, Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Xızı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Mahir Quliyev, “Şimal” RETSİ-nin Xızı Şəbəkə Sahəsinin rəisi Fuad Əhmədov çıxış edərək rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər, mövcud problemlər və qarşıda duran əsas vəzifələr barədə məlumat vermişlər.
Tədbirin sonunda hesabat yığıncağının qərarı oxunub, rayon ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirilib.
Hesabat yığıncağında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmizdə inkişaf və tərəqqi ili olmuşdur. Dövlət başçısının siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilmiş, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Bu inkişaf Xızı rayonunda da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, tikinti-quruculuq və abadlıq işlərinin sürətləndirilməsinə imkan yaratmışdır.






