Xızı rayonunda “26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü” adlı tədbir keçirilib.
25 iyun 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin birgə təşkilatçılığı ilə Xızı Rayon Heydər Əliyev Mərkəzində “26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü” adlı tədbir təşkil olunub. Tədbirdə Xızı rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin və rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, “Vətən Müharibəsi” iştirakçıları, rayon ziyalıları,gənclər iştirak edib.
Azərbaycan Republikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk öncə, Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov açıb. O, bildirib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə olduğu kimi, silahlı qüvvələrimizin yaradılması, qüvvətləndirilməsi və qüdrətli ordu quruculuğu sahəsindəki yüksək rolunu vurğulayaraq qeyd edib ki, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
A.Hüseynov “26 iyun – Silahlı Qüvvələr Günü” münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, vətənpərvər Azərbaycan gənclərinin Vətənin müdafiəsi və azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri şücaət və qəhrəmanlığı yüksək qiymətləndirmişdir.
Tədbirdə Ulu Öndərin milli zabit kadrlarının hazırlanması üçün mükəmməl bir hərbi təhsil sistemi formalaşdıraraq ordunun maddi-texniki bazasının təkmilləşdirməsi, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, döyüş ruhunun yüksəldilməsində və ordu quruculuğu ilə bağlı apardığı genişmiqyaslı islahatlar, 44 gün davam edən Vətən Müharibəsinin Azərbaycan ordusunun şanlı Qələbəsi ilə başa çatması ətrafında geniş çıxış və məruzələr dinlənilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin siyasət meydanı, o cümlədən, ordu quruculuğu sahəsindəki gərgin fəaliyyətindən bəhs edən geniş formatlı video-çarx nümayiş etdirilib.