Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda "27 sentyabr – Zəfərə aparan tarix" adlı tədbir keçirildi.

25 sentyabr 2025 | 15:30

27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 5 il keçir.

Bu münasibətlə, 25 sentyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “2025-ci il 27 sentyabr – Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xızı Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında geniş formatlı tədbir keçirildi. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə Xızı rayon sektorunun məsul əməkdaşları, Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin müəllim və şagird heyəti və rayon ictimaiyyəti iştirak etdi.

Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi ilə başlayan tədbirdə vətənin ərazi bütövlüyü və suverenliyin bərpası uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilədi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan Abdulla Hüseynov onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabr - Anım Gününün elan edilməsini şəhidlərimizin ruhuna ən böyük ehtiramın, onların xatirəsinə dərin hörmətin bariz ifadəsi hesab edən Abdulla Hüseynov qeyd etdi ki, hər il ölkənin bütün bölgələrində keçirilən tədbirlər, memorial abidələr önündə keçirilən anım mərasimləri, dövlət qurumlarının və ictimaiyyətin iştirakı ilə reallaşdırılan xatirə tədbirləri Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim yaşadıldığını göstərir.

Daha sonra, “27 sentyabr – Zəfərə aparan tarix” adlı video-çarx nümayiş etdirildi.

Tədbirdə bu günün tarixi və qazanılmış şanlı zəfərdən bəhs edən çıxışlarda qeyd edildi ki, müharibənin ilk günündən son gününədək Vətən uğrunda canından keçmiş, şəhidlik zirvəsinə ucalmış minlərlə igid oğulun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, qəhrəmanlıqları gələcək nəsillər üçün vətənpərvərlik məktəbinə çevriləcəkdir. Azərbaycan dövləti şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin sosial müdafiəsini daim diqqət mərkəzində saxlayaraq, onların fədakarlığını yüksək qiymətləndirməkdədir.

Sonda, Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilmiş, vətənpərvər məzmunlu şeirlər dinlənilmişdir.

Keçidlər