Xızı rayonunda "8 Noyabr- Tariximizə Yazılan Qürur Günü" adlı tədbir keçirilib.
6 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr- Zəfər Gününün 5-ci ili münasibətilə Xızı Rayon Heydər Əliyev Mərkəzində "8 Noyabr- Tariximizə Yazılan Qürur Günü" adlı tədbir keçirilib.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin rəisi polkovnik-leytenant Gündüz Abdullayev, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon Ağsaqqallar şurasının sədri Fərrux Haqverdiyev və rayonun idarə, müəssisə rəhbərləri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi ilə başlayan tədbirdə vətənimizin ərazi bütövlüyü və suverenliyin bərpası uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilədi. 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarılması münasibəti ilə əldə edilən zəfər günündən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 5 il keçir. Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Həmçinin bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etibarından istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunan və dünya hərb tarixinə düşən qələbə ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu gün artıq Azərbaycanın hər nöqtəsində şanlı bayrağımız dalğalanı və biz Azərbaycan xalqı bununla qürur duyuruq.
Tədbirdə bu günün tarixi və qazanılmış şanlı zəfərdən bəhs edilən çıxışlarda qeyd olundu ki, müharibənin ilk günündən son gününədək Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, qəhrəmanlıqları gələcək nəsillər üçün vətənpərvərlik məktəbinə çevriləcəkdir.Onların qəhrəmanlığı,fədakarlığı sayəsində bayrağımız dalğalanır. Biz şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə şəfa və sağlam həyat arzulayırıq.
Daha sonra "8 Noyabr - Tariximizə Yazılan Qürur Günü" adlı video-çarx nümayiş etdirilib.
Sonda, Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin şagirdləri tərəfindən "8 Noyabr- Zəfər Günü"nə hazırlanmış rəsm sərgisinə baxış keçirilib.






