Xızı rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
İyul ayının 10-da Azərbaycan Ağsaqqallar Şurasının Xızı rayonunda hesabat konfransı keçirilib.
Konfransda Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, eləcə də rayon ağsaqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və digər tədbir iştirakçılarını salamlayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başçılığı ilə ölkəmizin davamlı inkişaf prosesindən, əldə olunan uğurlardan, həmçinin ağsaqqallara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan ətraflı söz açıblar. Ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rolundan bəhs ediblər. Vurğulayıblar ki, milli mentalitetimizə və dəyərlərimizə daim bağlı olan Xızı əhalisi ağsaqqal sözünə və öyüd-nəsihətinə böyük önəm verir. Natiq çıxışın sonunda rayon ağsaqqallarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra Xızı Rayon Ağsaqqallar Şurasının sədri Fərrux Haqverdiyev hesabat məruzələri ilə çıxış edərək, İş planları əsasında həyata keçirilən fəaliyyətdən, rayon əhalisi, gənclər, eləcə də şəhid ailələri və qazilərlə keçirdikləri görüşlərdən və digər məsələlərdən söz açıblar. Gənclərə zərərli vərdişlərdən uzaq sağlam həyat tərzinin təbliğ olunmasından bəhs edərək, bu sahədə fəallığı artırmaqla maarifləndirmə işlərinin genişləndirilməsinin zəruriliyindən bəhs ediblər.
Konfransda çıxış edən digər natiqlər də ağsaqqalların xalq arasında hər zaman nüfuzlu söz sahibi olduqlarını, Ulu Öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi diqqət və qayğısını hazırda ölkə Prezidenti cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyini xüsusi olaraq vurğulayıblar. Hesabatı qənaətbəxş qiymətləndirərək bildiriblər ki, respublikanın hər yerində olduğu kimi Xızıda da Azərbaycanın tərəqqisi naminə həyata keçirilən bütün tədbirlərdə rayon ağsaqqalları yaxından iştirak edir, əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsində öz zəngin bilik və təcrübələrini əsirgəmirlər.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarına salamlayıb. Ona doğma olan Xızı rayonunda növbəti dəfə dəyərli ağsaqqallarla, ziyalılarla görüşdüyü üçün şad olduğunu bildirən natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən ətraflı bəhs edib. Həmçinin bu gün beynəlxalq səviyyədə gedən qlobal proseslərdən, dövlət başçısının bu proseslər fonunda həyata keçirdiyi yüksək fəaliyyətdən söz açıb. Vurğulayıb ki, hər zaman olduğu kimi, bu gün də biz möhtərəm Prezidentimizin ətrafında sıx birləşməli, öz səmərəli fəaliyyətimizlə onu dəstəkləməliyik. Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının qərarlarından irəli gələn öhdəliklərin həyata keçirilməsində ağsaqqalların üzərinə düşən vəzifələrdən də danışan Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov hesabatı qənaətbəxş qiymətləndirib. Bunlarla yanaşı vurğulayıb ki, ağsaqqallar xüsusilə gənclərimizlə daha çox iş aparmalı, əsrimizin bəlası olan narkomaniyanın, eləcə də gündən-günə artan boşanmaların, ailədaxili problemlərin və cəmiyyətimizdəki digər neqativ halların qarşısını almaq üçün əllərindən gələni əsirgəməməlidirlər. Çıxışının sonunda natiq ağsaqqalların hər birinə uzun ömür, möhkəm cansağlığı və gələcək fəalliyyətlərində uğurlar arzulayıb.






