Xızı rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib.
Azərbaycan Respublikasında ölkə rəhbərliyi tərəfindən gənc nəslin inkişafına qayğı hər zaman diqqət mərkəzində olmuş və gündən-günə artmaqdadır. Ulu Öndər Heydər Əliyevin 02 fevral 1997-ci il tarixində imzaladığı Fərmana əsasən, fevral ayının 2-si Azərbaycan Gəncləri Günü elan edilmiş və MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda hər ilin bu günü “Gənclər günü” kimi qeyd olunmağa başlamışdır. Əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin ifadəsi kimi Respublikamızın bütün bölgələrində fəal gənclərin iştirakı ilə çoxsaylı tədbirlər həyata keçirilir.
02 fevral 2024-cü il tarixində Yeni Azərbaycan Partiyasının Xızı Rayon Təşkilatının konfrans zalında Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynovun iştirakı ilə Gənclər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə rayonun elm, mədəniyyət, təhsil, ictimai, elmi-pedaqoji fəaliyyət sahəsində fərqlənən qabaqcıl gəncləri ilə yanaşı rayon ictimaiyyətinin nüfuzlu şəxsləri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk öncə, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev gəncləri bu gün münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Millət vəkili Müşfiq Məmmədli öz çıxışında əsası Ulu Öndər tərəfindən qoyulmuş çoxşaxəli gənclik strategiyası barədə danışaraq bildirib ki, məhz o siyasi xəttin məntiqli davamı olaraq Azərbaycan gəncliyi gözlərini qırpmadan döyüş meydanlarına atılaraq 44 günlük Vətən müharibəsi dövründə düşmənə heç bir zaman unutmayacağı dərs verib.
Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov Ümummilli lider Heydər Əliyevin, həmçinin dövlətimizin baçşçısı cənab İlham Əliyevin gənclərimizə verdiyi xüsusi əhəmiyyət və qiymət barədə ətraflı və konkret nümunələrlə danışaraq qeyd etmişdir ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaradaraq onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirib. O qeyd etmişdir ki, Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, Vətən və dövlət qarşısında məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar.
Tədbirin sonunda 02 fevral – Gənclər Gününə həsr edilmiş video-slayd nümayiş etdirilib.